Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb

  • By admin
  • 17 Fevral 2018 17:00


2017-ci ildə Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Bildirilir ki, keçən il Türkiyə Azərbaycandan 6 milyard 543 milyon kubmetr təbii qaz idxal edib. Bu göstərici 2016-cı illə müqayisədə təxminən 70 milyon kubmetrədək çoxdur.

Xatırladaq ki, 2016-cı ildə Türkiyə Azərbaycandan təxminən 6 milyard 474 milyon kubmetr təbii qaz idxal etmişdi. 2015-ci ildə isə Azərbaycan Türkiyəyə ümumilikdə 6 milyard 169 milyon kubmetr qaz göndərmişdi.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. 2006-cı ilin sonlarında istismara verilən bu boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. 2017-ci il ərzində CQBK-nın gündəlik orta ötürücülük gücü təqribən 20,5 milyon kubmetr qaz olub. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzŞD” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Gununsesi.info