Türkiyə müxalifətinin Konstitusiyaya dəyişikliklər təklifi qardaş ölkəyə nə vəd edir? -EKSPERT ŞƏRHİ

  • By admin
  • 28 Noyabr 2022 17:44
Türkiyə müxalifətinin “Altılı masa”sı Konstitusiya dəyişikliklərinə dair 84 maddədən ibarət paket üzərində anlaşaraq bu gün ictimaiyyətə açıqlanıb.
Gücləndirilmiş parlament üsul-idarəsi prinsiplərinə söykənən dəyişikliklər haqqında siyasi ekspret Şahin Cəfərli danışıb.
Gununsesi.info-nun xəbərinə görə, siyasi şərhçi bildirib ki, dəyişiklik təkliflərinin təməlini parlament üsul-idarəsinə keçid və insan hüquq və azadlıqlarının genişləndirilməsi təşkil edir: “Altılı masa” iqtisadi böhrandan çıxış və digər sahələr üzrə proqramlarını, prezidentliyə vahid namizədin manifestini, seçkidə qalib gəldikdən sonra formalaşdırılacaq koalisiya hökumətinin protokolunu da razılaşdırıb, xalqa açıqladıqdan sonra seçki kampaniyasına hazır şəkildə daxil olmağı planlaşdırır. Yəni seçkiqabağı və seçki sonrası yol xəritəsi tam müəyyənləşdirildikdən sonra vahid namizədin adı yekunda elan ediləcək. (Böyük ehtimalla 2023-ün yanvarında)”.
Şahin Cəfərli deyir ki, nticədə vahid namizəd bədahətən fikirlər istehsal etmək məcburiyyətində qalmadan seçki kampaniyasına əlində hər sahə üzrə konkret vədlərin və problemlərdən çıxış yollarının göstərildiyi proqram sənədləri ilə girmiş olacaq: ““Altılı masa” xarizmatik liderin ətrafında formalaşan və xalqın, dövlətin taleyini həmin avtokrata həvalə edən iqtidardakı Cumhur İttifaqı koalisiyasından fərqli olaraq, dəyərlərə və prinsiplərə əsaslanan bir ittifaq və ölkə idarəçiliyi modeli ortaya qoyur. Fərqli ideologiyalara, proqramlara sahib 6 siyasi partiyanın qarşılıqlı kompromislərlə milli maraqları əsas götürən siyasət anlayışı ortaya qoyması yüksək siyasi mədəniyyət göstərici olmaqla, Türkiyə siyasi tarxində görünməmiş bir hadisədir. Bu birlik seçki ittifaqının çərçivəsindən çox uzağa gedən, bütövlükdə sistemin köklü şəkildə rekonstruksiyasını nəzərdə tutan tarixi əhəmiyyətli siyasi konsensusdur.
Mən “Altılı masa”nın çalışmalarını İspaniyada Franko diktaturasından parlament demokratiyasına keçid prosesinə və bu çərçivədə 1977-ci ildə imzalanan Monkloa Paktına bənzədirəm. Prezidentliyə vahid namizəd seçimində yaranacaq fikir ayrılıqlarının ittifaqı pozmasına imkan verilməsə, Ankarada Qurtuluş savaşından sonrakı qurucu ruhun 100 il sonra “Altılı masa”nın timsalında yenidən təcəlli etdiyini söyləmək olar.
Fikrimcə, Azərbaycan olaraq bizə məhz belə bir Türkiyə lazımdır, özünü “Azərbaycan standartları”na uyğunlaşdırmağa çalışan bugünkü Türkiyə yox”.
Mais
Gununsesi.info