Türkiyə parlamentində Ermənistanın müharibə cinayətləri ilə bağlı hesabat qəbul edildi

  • By admin
  • 15 Aprel 2021 19:39

Türkiyə Böyük Millət Məclisi (TBMM) İnsan Hüquqlarının Təhlili Komissiyası Ermənistanın Qarabağ Müharibəsindəki hüquqların pozulması hesabatını qəbul edib.

Gununsesi.info  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, komissiyanın sədri Hakan Çavuşoğlu Ermənistanın Qarabağdakı müharibədə ön plana çıxan fəaliyyətlərinin mülki insanları və mülki yaşayış yerlərini hədəf aldığını bildirib.

O qeyd edib ki, bu fəaliyyətlərin hər biri müharibə cinayətləridir.

H.Çavuşoğlu münaqişə zonasından kənarda qalan Azərbaycan mülki yaşayış yerlərinə edilən hücumları və Dağlıq Qarabağdan didərgin salınan bir milyona yaxın insanın məruz qaldığı insan hüquqları pozuntularını yerində müəyyən etmək, beynəlxalq hüquq-müdafiə təşkilat və qurumlarını Cenevrə sazişi çərçivəsində hərəkətə keçməyə çağırmaq üçün alt komissiya qurduqlarını qeyd edib.

H.Çavuşoğlu bildirib ki, Azərbaycanın Bakı, Gəncə, Tərtər və Bərdə şəhərlərində Ermənistan ordusunun hücumlarında şəhid olan mülki vətəndaşların yaxınları ilə görüşlər təşkil edilib və rəsmi şəxslərdən müvafiq məlumatlar alınıb:

“İkinci Qarabağ Müharibəsi olaraq adlandırılan müharibə əsnasında Ermənistan ordusu beynəlxalq humanitar hüququ sistematik olaraq tapdayıb, kasetli bomba və fosfor mərmiləri kimi qadağan olunmuş silahlar istifadə edib, qəsdən mülki əhalinin yaşadığı ərazilərə, qəbiristanlıqlara, məktəblərə, tibb müəssisələrinə, elektrik, qaz, su və boru xətləri kimi iqtisadi infrastruktur obyektlərinə, təbii və mədəni müəssisələrə hücum edib.

Gəncəyə təşkil olunan hücumlarda evlər, tarixi və mədəni əhəmiyyətə malik məkanlar, böyük ticarət mərkəzləri, bənzər ictimai obyektlər ciddi şəkildə zərər görüb və məhv edilib”.

Qeyd olunub ki, 44 günlük müharibə Türkiyədə yaşayan erməni əsilli vətəndaşlarda narahatlıq yaradıb, erməni ictimaiyyətinə qarşı heç bir təzyiq qeydə alınmayıb.

Müzakirələrdən sonra komissiya hesabatı səsverməyə qoyaraq qəbul edib.

Gununsesi.info