Türkiyə seçkiləri, Səlcuq Bayraqdar və Cavanşir Feyziyev barədə – Elxan Zal yazır

  • By admin
  • 22 May 2023 12:08

Tarix kitabları Türkiyə Cümhuriyyətinin var olduğu 100 il ərzində iki mühüm hadisəni həmişə xüsusi vurğu ilə qeyd edəcək. Bunlardan biri Osmanlı xanədanının xarabalıqları üzərində yaranan Cümhuriyyətin doğuluşu, digəri isə 20 il öncə başlayan və 2023-də məntiqi sonluğuna çatan yeni şahlanış çağının başlanışıdır.

Əgər doğuluş Antanta ölkələri ilə bağlanan Lozanna sülh müqaviləsinin məntiqi nəticəsi kimi baş vermişdisə, şahlanış çağı, türk ruhuna vurulmuş buxovların qırılma anının başlanışı oldu. Cümhuriyyətin 100-üncü ilində AK Partiya dövründə əldə edilən bir sıra nailiyyətlər nümayiş etdirildi və bu hadisə yalnız Türkiyə cəmiyyətində deyil, bütün dünyada böyük rezonans doğurdu.

Bu yazıda niyyətim qazanılan nailiyyətləri adbaad sadalamaq deyil, Azərbaycanda əksər insanlar bunları ekranlardan izləyiblər. Amma bu sırada İstanbulda keçirilən “Teknofest” yarışmasını xüsusi qeyd etmək istəyirəm.

Səlcuq Bayraqdarın ərsəyə gətirdiyi və bütün Türk dünyasından bir milyondan artıq texnik qabiliyyətli gəncin qatıldığı “Teknofect” yalnız “Türkiyə əsrinin” deyil, bütün türk dünyasında boy göstərəcək “Türk əsrinin” müjdəçisi oldu. Əsrlərlə həsrətlə gözlədiyimiz “türk intibahını” bu gənclər həyata keçirəcək, mövcud reallıqları onlar dəyişdirəcək və ülkümüzün bayrağını kosmosun nəhayətsiz ənginliklərinə daşıyacaqlar. Biz bunun işartısını artıq Azərbaycanda da hiss etməyə başlamışıq, çünki Azərbaycan-Türkiyə birliyi iki başlı Səlcuq qartalı məfkurəsini insanlarımızın könlündə təzədən doğurdu və bu məfkurənin doğuluşunu gerçəkləşdirənlər sırasında Səlcuq Bayraqdarın həmişə xüsusi yeri olacaq. Onun göstərdiyi geyrətlər sayəsində dünya səhnəsində türklüyün yeni obrazı formalaşdı və bu, hegemonluğunu itirmək qorxusunu yaşayan Qərb ideoloqlarını çox sarsıtdı. Türkiyədəki əshabələrini də cəmləyib hücuma başladılar.

Əslində Türkiyədə keçirilən seçkilər bu məfkurənin tərəfdarları və əleyhdarları arasında gedən bir savaşdır, hər bir Azərbaycan türkü də istər-istəməz bu savaşın tərəfidir. Tarixin axarını müəyyən qədər dəyişə biləcək bu seçkilərdə beynəlxalq güclərin və onların Türkiyədəki satellitlərinin bütün cəhdlərinə baxmayaraq, xalqın əksər hissəsi yalnız Türkiyənin deyil, türk-islam məfkurəsinin, çift başlı Səlcuq qartalı məfkurəsinin mənəvi lideri Rəcəb Tayib Ərdoğanın ətrafında birləşdi, Yeni Türkiyənin quruculuğuna öndərlik edən “Cumhur İttifaqı” parlament seçkilərini qazandı və artıq Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçilməsinin önünü yalnız Qərbin seçkilərə birbaşa müdaxiləsi kəsə bilər ki, bugünkü reallıqda bu mümkün görünmür. Xalq və ordu tərəfindən güclü şəkildə dəstəklənən R.T.Ərdoğan, iqtidarda olduğu 20 ildə istənilən savaşa hazır olduğunu dəfələrlə göstərib. Onun Qarabağ savaşındakı duruşunu xatırlamaq kifayətdir ki, buna əmin olasan. Prinsipcə, 2023 seçkilərini Qurtuluş savaşının 100 ildən sonrakı ikinci mərhələsi də adlandıra bilərik. Əgər Qurtuluş savaşını aparan Mustafa Kamal Atatürk ordusunu Məhəmməd İqbal, Yahya Kamal kimi mütəfəkkirlər “İslamın son ordusu” adlandırırdısa, bu günkü Rəcəb Tayib Ərdoğan ordusu ən azından türk və islam dünyasının birinci, NATO-nun isə ikinci ordusu hesab edilir. Bu ordu ilə kəllə-kəlləyə gəlmək dünyada hər kəsdən böyük cəsarət istər və bu ordunun içində iman işığı parlayan “Texnofect” gəncliyi kimi ehtiyat qüvvəsi yetişir. Var ol Səlcuq Bayraqdar, Allah hər işində sənə yar olsun!

Qərbin Türkiyəni içdən dağıtmaq, seçkilərdən sonra orada “narıncı inqilab” törətmək planları da, məncə artıq fiaskoya uğradı. Uzun illər ərzində cin sayaq cürdəyə salınmış türk-islam ruhu artıq azadlıq havasından tamsındı və içindəki qorxu-qəsrlərini yerlə-yeksan etdi. Bu ruh bir daha “əsirlik cürdəyinə” qayıtmağı özünə rəva görməz. Əlbəttə, ölkədə son 100 ildə yetişdirilən “idrak kölələri” də az deyil, amma artıq hiss olunur ki, onlar son çırpınışlarını edirlər.

Türkiyədə baş verən bu proseslər, öncə dediyim kimi, Azərbaycan cəmiyyətini də dərindən maraqlandırır. Artıq Türkiyə-Azərbaycan əlaqələri elə bir səviyyədədir ki, hər iki ölkədə “ruh qardaşları” adlandıra biləcəyimiz bir zümrə yetişib. “Bir millət, iki dövlət” konsepsiyası bu zümrənin həyat normasına çevrilib. Mən bu zümrəni iki başlı Səlcuq qartalına bənzədərdim, onlar Türkiyəni də, Azərbaycanı da heç bir fərq qoymadan, eyni məhəbbətlə sevirlər. Səlcuq əzəmətini dirçəltmək istəyən belə insanların sevgisindən doğuldu Türk Birliyi məfkurəsi. Biz onlara Turan sevdalıları deyirik.

Azərbaycandakı Turan sevdalılarından olan tanınmış qələm adamı, dəyərli dostum Azər Ayxanın Türkiyədəki seçkilərlə bağlı bir yazısını oxudum. Mənim demək istədiklərimin müəyyən hissəsi bu yazıda öz əksini tapıb. “Ərdoğan diktatordur”-“Ərdoğan kimi demokrat” adlı məqaləsində o yazır:

“Bəziləri Azərbaycanı Türkiyədə keçiriləcək seçkilərə yaxından müdaxilə etməkdə qınayırdı. Əslində buna müdaxilə demək doğru olmaz. Sadəcə arzumuzu bildirirdik, mövqeyimizi ifadə edirdik. Əksər hissəmiz arzulayırdı ki, seçkilərdə “Cümhur İttifaqı” və Rəcəb Tayyib Ərdoğan qələbə çalsın. Az qisim isə “Millət İttifaqı”nın və Kamal Kılıcdaroğlunun qazanmasını istəyirdi. Azərbaycan hakimiyyətinin mövqeyi zatən bəlli idi: Ərdoğana dəstək verirdi. Bunu gizlətmirdi. Bu məsələdə hakimiyyətlə cəmiyyətin əksər hissəsinin mövqeyi üst-üstə düşürdü. Xalqımız Ərdoğanın qalib gəlməsini, daha 5 il hakimiyyətdə qalmasını Türkiyənin, eləcə də Azərbaycanın maraqları baxımından daha uyğun hesab edirdi, indi də o fikirdə qalır”.

Bəli, Azərbaycan cəmiyyətinin böyük hissəsi də, prezident cənab İlham Əliyev də bir mənalı şəkildə Rəcəb Tayyib Ərdoğanın və “Cümhur İttifaqı”nın tutduğu yolu dəstəkləyir, çünki bu yol böyük qalxınmaya, “Türk əsrinə”, Türk Dövlətləri Birliyinə gedən bir yoldur. Əlbəttə, bu yola qarşı duranlar da var, Oğuz iç və dış düşmənsiz olmaz. Bu günkü CHP rəhbərliyinin və onların ətrafında formalaşdırılan “Millət İttifaqı”nın Türk və İslam düşmənçiliyi, ən başlıcası isə Azərbaycan düşmənliyi türk cəmiyyətindəki “idrak köləliyinin” bariz nümunəsidir və nə yazıq ki, belələri Azərbaycanda da az deyil. Amma gələcək artıq nə onlara, nə də onların ağalarına məxsus olmayacaq, çünki Türkiyə-Azərbaycan birliyi bütün maneələrə baxmayaraq zamanın sınağından çıxıb, bu birliyin varlığından doğulan böyük layihələr həyata keçirilib. O cümlədən Kamal Kılıcdaroğlunun və xidmət etdiyi güclərin önünü almağa çalışdıqlıqları, Çindən Avropaya gedən qədim “İpək yolu” layihəsi artıq fəaliyyət göstərir. Qarabağ Zəfəri bütün dünyaya göstərdi ki, Azərbaycan və Türkiyə birgə ortaya qoyduqları projeləri qorumaq qüdrətindədirlər. Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin uzun illər ərzində göstərdikləri fəaliyyət sayəsində Türkiyə-Azərbaycan təməli üzərində daha böyük bir təşkilat boy göstərdi.

2021-ci ilin payızında, Türk dövlətləri başçılarının İstanbul sammitində Türk Dövlətləri Təşkilatının yarandığı elan edildi. Çağdaş dünya reallığında yavaş-yavaş, ehtiyatla qurulmağa başlayan Türk Birliyi ideyası İstanbulda öz məntiqi sonluğuna çatdırıldı. Türkdilli ölkələrinin Əməkdaşlıq Şurası məfhumu Türk Dövlətləri Birliyinə çevrildi. Uzun illərin əsirliyindən sonra yenidən müstəqillik qazanan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, XXI əsrdə böyük inkişaf yoluna qədəm qoymuş Türkiyə ilə birgə Türk Dövlətlər Birliyinin varoluşunu dünyaya bəyan etdilər. Türkmənistan və Macarıstan isə təşkilata müşahidəçi statusunda daxil oldular. Daha sonra, Birliyin Səmərqənd sammitində Kıprıs Türk Cümhuriyyəti də müşahidəçi statusu qazandı. Türk dövlət başçılarının bu qurumu yaratmaq qərarı ilkin addım olsa da, tarixi bir addım idi.

Kaşqarlı Mahmuddan bəri neçə-neçə böyük mütəfəkkirlərimizin arzularından doğulan Türk birliyi ideyası siyasi rəhbərlər tərəfindən həyata keçirilməyə başladı. Şübhəsiz ki, belə böyük və cəsarətli layihələr bir fərman və ya deklarasiya ilə həyata keçirilmir. Bunun bünövrəsini hazırlayan möhtəşəm qələm, fikir, sənət adamlarımız da böyük tarixi missiya yerinə yetiriblər.

Türk dövlətləri rəhbərlərinin İstanbul sammitində Türk Dövlətləri Birliyi elan ediləndən sonra, dünya KİV-lərində əsil türkofobiya başladı. Allahın var günü müxtəlif resurslarda Turan ordusunun, türk-islam xilafətinin dirçəldilməsi barədə palaz-palaz informasiyalar yayılır. Bir zamanlar Karl Marks “Kommunist Partiyasının manifesti”ndə Avropada “kommunizm kabusunun” dolaşdığını elan edirdisə, indi Avropanı da, Amerikanı da türk kabusu dolaşır. Avro-Atlantik sivilizasiya dünyanın gəlib-getmişini ən kiçik hissəciklərinə qədər tədqiq edib öyrənmiş bir sivilizasiyadır və onlar ortaya çıxa biləcək Türk birliyi ideyasını özləri üçün böyük təhlükə sayırlar. Nə böyük hərbi potensialı olan Rusiya, nə də böyük insan resursları, böyük iqtisadi gücü və kommunist ideologiyası olan Çin, uzaq perspektivdə onlar üçün elə də böyük təhlükə deyil. İmperiyaçılığının təməlində duran türk dövlət gələnəyini unutmuş, kommunist ideologiyasından məhrum olmuş Rusiya, artıq indinin özündə yalnızlaşdırılıb və Sovetlər Birliyi kimi içdən dağılmaq təhlükəsi ilə üz-üzədir. Yəqin ki, nə zamansa o da türk birliyinə qoşulacaq. Kommunist ideologiyasını konfutsizmə sintez edən Çin, nə qədər qüdrətli olsa da, onun dünyada qlobal hegemonluq ənənələri heç zaman olmayıb. Xatırladım ki, həm Çin, həm də Rusiya mərkəzləşmiş dövlət halına, imperiya şəklinə Çingiz xan varisləri, türk sülaləri tərəfindən gətirilib. Başda Türkiyə olmaqla türk dövlətlərinin isə zəngin dövlətçilik ənənəsi ilə bərabər, həm də möhtəşəm İslam ideologiyası var. Tarixdə bütün türk imperiyalarının təməlində həmişə ideoloji zəmin olub. İdeoloji zəmin kitablaşanda isə o daha qüdrətli, daha möhtəşəm olur.

Bu gün dünyanın əksər ciddi analitikləri Türk Birliyini, Anqlo-saks Birliyi ilə bərabər, Avropa Birliyindən daha perspektivli qurum hesab edirlər. Amma perspektiv öz yerində, biz yeniləşən dünya səhnəsinə böyük imperiyalar qurmuş dədələrimizin adına layiq, meydanda söz yiyəsi bir təşkilat gətirmək istəyiriksə, bu dövlətləri məskunlaşdıran hər bir fərdimiz, onun mahiyyətini dərk etməlidir. Gənclərimizə, şagirdlərə, tələbələrə türklüyün, türk birliyinin, türk düşüncəsinin mahiyyəti tədris olunmalıdır.

Yuxarıda Səlcuq Bayraqdarın bu projeyə qatqıları barədə danışdıq, amma bu yolda digər intellekt və idrak sahiblərinin ortaya qoyduqları kitablar çox böyük əhəmiyyət daşıyır.

Biz türklər min illər boyu səltənətlər qurmuşuq, imperiyalar yaratmışıq, sonda isə səltənət quranların torunları “idrak kölələrinə” çevriliblər, urus olublar, çinli olublar, hindli olublar, iranlı olublar. Çünki qılınclarla qazanılan qələbələr, yadların qələmləri ilə, yadların kitabları ilə heçə endirilib. Biz qılınclarla səltənətlər fəth etmişik, onlar kitablarla bizim beynimizi.

Bu baxımdan, Türk Dövlətləri Birliyi elan edilməmişdən xeyli öncə onun elmi əsaslandırılmış ideoloji zəminini hazırlayan dəyərli dostum, azərbaycanlı filosof, millət vəkili Cavanşir Feyziyevin doktorluq dissertasiyası olan “Türk Dövlətləri Birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli” monoqrafiyasını çox əhəmiyyətli hesab edirəm. Bu əsər əksər türk dövlətlərində, o cümlədən Macarıstanda da nəşr olunub. Mən bu monoqrafiya barədə düşüncələrimi mətbuatda bölüşmüşəm və indi təkrarçılıq etmək istəmirəm. Amma bir daha onun bütün türk xalqları üçün mühüm və lazımlı bir vəsait olduğunu bildirmək istəyirəm.

Oxucunu nə ilə heyrətləndirir Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı? İlk öncə tarixi reallığa sərrast, müdrik baxışı, istər ortaq türk tarixinə, istərsə də ayrı-ayrı türk xalqlarının tarixinə dair dərin bilgisi ilə. Bütün bunlarla bərabər ən əsası odur ki, müəllif təklif etdiyi birlik modelinin gerçəkləşəcəyinə varlığı kimi inanır. Həm də təklif olunan model, yaradılacaq birliyin konsepsiyası, mümkün qədər praqmatik, elmi əsaslandırmalarla verilib. O, türklərin yazılı mənbələrdə əks olunan ən qədim və əzəmətli dövləti olan Hun (Hunnu) imperiyasndan başlayaraq bu günə kimi uzanan çoxsaylı dövlətlər bürclərini bir-bir nəzərdən keçirir, onların keçdikləri şərəfli və keşməkeşli yolları saf-çürük edir. Bir-birinin davamı olan türk dövlətləri sırasının tarixi ardıcıllığına rus və Qərb alimlərinin gözü ilə deyil, bir türk filosofunun, bir türk aydının gözləri ilə baxır, qazanmaları və yenilgiləri törədən səbəbləri axtarır.

Tarixin dərinliklərinə baş vuran müəllif, qədim türk sivilizasiyasının özünəməxsus xüsusiyyətlərini, başqa sivilizasiyalarla fərqli cəhətlərini müqayisəli şəkildə araşdırır. Türk dövlətçilik ənənəsini türk sivilizasiyasının onurğa sütunu adlandıraraq, türk mədəniyyətinin digər özəlliklərini də ortaya qoyur.

O, bildirir: “Türk mədəniyyətinin daxili zənginliyi təkcə dövlətçilik mədəniyyəti ilə bitmir. Türk mədəniyyəti – sosial-siyasi mədəniyyət, iqtisadi mədəniyyət, mənəvi mədəniyyət, bədii mədəniyyət, bilgəlik (humanitar) mədəniyyəti, ekoloji mədəniyyət və digər qatlara malikdir. Türk dünyasının mədəniyyət sərvətlərini, mədəni-intellektual həyatını tarixi-kulturoloji planda araşdıran alimlər həmin qatları incələyərək bu qənaətə gəlirlər ki, türk sivilizasiyası – dünya sivilizasiyaları arasında həm öz seçkinliyini saxlayan, həm də həmin sivilizasiyaların universal keyfiyyətlərini mənimsəyərək özündə sintezləşdirməyi bacaran unikal hadisə olmuşdur”.

Müəllif təklif etdiyi mədəniyyət sahələrini ayrı-ayrılıqda incələyərək, türk xalqlarını birləşdirən və onları başqa xalqlardan fərqləndirən xüsusiyyətlərə aydınlıq gətirir. Əsrlərlə, bəlkə də min illərlə Uzaq Şərqlə Aralıq dənizi hövzəsi arasında ticarət yollarına nəzarət edən türklər, həm də qədim dünyanın bu mədəniyyət mərkəzləri arasında bir rabitə rolunu oynamışlar. Bu mədəniyyət mərkəzləri, indiki terminologiya ilə desək, Şərq və Qərb bir-birini məhz türklərin köçləri vasitəsi ilə tanımışlar. Həm də bu köçlər yalnız Şərqdən Qərbə deyil, həm də əks istiqamətdə olub.

Mən etrusklar dövrünü araşdırarkən qəribə bir paradoksla qarşılaşdım. Apennin yarımadasında yaşayan, bu gün istifadə etdiyimiz latın əlifbasını yaradan və b.e-nın II-III əsrlərindən tarix səhnəsindən silindiyi güman edilən etrusklarla (etrusklar özlərini arsina, aşina adlandırıblar), VI əsrdə tarix səhnəsinə çıxan, Altay ətəklərində Göy Türk dövlətini quran Aşina boyu arasında çox dərin bir yaxınlıq var. Yəni indi “İpək yolu” adlandırdığımız qədim ticarət marşrutu çox qədim zamanlardan türklərin nəzarətində olub. Cavanşir Feyziyev Piter Qoldenin “Dünya tarixində Mərkəzi Asiya” əsərindən belə bir sitat gətirir: “Türk (Göy Türk) imperiyası Avropanı Şərqi Asiya ilə birbaşa bağlayan ilk transAsiya dövləti olub”. Türk Dövlətləri Birliyi də bu qədim ənənənin XXI əsrin 21-ci ilində yeni zühuru oldu. Düşünürəm, Azərbaycan və Türkiyənin gerçəkləşdirdiyi və İtaliyaya qədər uzanan TANAP boru xəttinin ortaya çıxması heç də təsadüfi deyil. Tarix bu və ya digər şəkildə təkrar olunur.

Gözəl və mükəmməl monoqrafiyasında Türk dövlətlər Birliyinin konsepsiyasını ortaya qoyan Cavanşir Feyziyev də beynəlxalq hüququn subyekti olan bu qurumun gələcəkdə Avrasiya məkanının bütövlüyünü təmin edəcəyini bildirir: “Avrasiya – yalnız türk dünyasının birliyi ilə öz bütövlüyünü qazanır. Əgər klassik geopolitik paradiqmaya görə (Makkinder) İç Avrasiya məkanına sahib olan, dünyaya sahib olursa, türk dünyası da bu məkanın özəyində yaşayırsa, niyə yaşadığı ərazinin sahibi özü yox, özgələr olmalıdır? Avrasiya geopolitikasını yaradan türklər olub. Bu gün onu yaşadan və irəliyə aparan da türklər olacaq”.

C.Feyziyev, təbliğ etdiyi ideyanın daha geniş yayılması üçün, “Türk Dövlətləri Birliyi” monoqrafiyasından sonra türk tarixinin müxtəlif sahələrini əhatə edən kitablar da nəşr etdirdi. “Türk dünyası” adlanan bu beş cildlik nəşr türkçülük və türk birliyi ideyasının təməlində duran əksər sahələri əhatə edir. Əlbəttə, onun Türk Birliyi yolundakı fəaliyyəti yalnız kitab yazmaqla məhdudlaşmır, istər bir siyasətçi kimi, istərsə də bir vətəndaş kimi o bu yolda çalışan qələm və fikir adamlarına bütün imkanları ilə dəstək göstərməyə çalışır və eynən Səlcuq Bayraqdar kimi “idrak kölələrinin” saldırılarına məruz qalır.

Neyləyək, savaş türkün taleyinə yazılıb, türkün savaşı bitən yerdə onun köləliyi başlayır. İnşallah, rəisimiz Rəcəb Tayib Ərdoğan 28 mayda növbəti mücadiləsini qazanıb 29 maya bir Fateh kimi qədəm qoyduğu andan etibarən “Türk əsrinin” qum saatı hərəkətə başlayacaq. Türk yüzilin qutlu olsun, Türk budunu!

Elxan Zal Qaraxan