Türkiyə vətəndaşı ağlayaraq səsləndi: “Məni xilas edən azərbaycanlını axtarıram” - FOTO/VİDEO

Türkiyədə baş verən zəlzələ zamanı İlham adlı azərbaycanlı türk vətəndaşı Selçuk Aytemiri dağıntılar arasından xilas edib.

Gununsesi,info  xəbər verir ki, bu barədə İTV-də yayımlanan “Sabaha saxlamayaq” proqramında Aytemir özü məlumat verib.

O, zəlzələ baş verən zaman İskenderunda bir oteldə qaldığını, dəhşətli səslərlə oyandığını söyləyib.

Selçuk Aytemir baş verənlərlə bağlı bunları söyləyib:

“Çox şiddətli zəlzələ idi. Yataqdan necə qalxdığımı xatırlaya bilmirəm. Ayaqda durmaq mümkün deyildi, neçə dəfə yıxıldım. Qapıya tərəf getdim, lakin nə qədər cəhd etsəm də onu aça bilmədim. Qapının yanında oturub gözlədim, səsləndim, bağırdım, pəncərədən baxdım ki, başqa bir bina yıxılıb. Hotel binası da silkələnirdi. Əşyalarımı topladım, yenə qapının yanında çarəsiz oturdum.

Mən 13-cü mərtəbədə qalırdım, kimsə qışqırırdı ki, “burda kimsə varmı”. Qapının arxasından bağırdım ki, mən buradayam. Qapını vurmağa başladı. Sandım ki, hotel əməkdaşıdır. O, mənə hər şeyi başa saldı. Biz birlikdə qapını açdıq. Kim olduğunu soruşdum, dedi ki, adım İlhamdır, azərbaycanlıyam, 7-ci mərtəbədə qalıram. Ondan “burada nə edirsən” deyə soruşdum. Dedi ki, kimsə köməksiz qalıbmı deyə ətrafı gəzirəm. Çantamı da daşımağa kömək etdi. Daha sonra 6-cı mərtəbədə avstraliyalını da xilas etməyə çalışdıq. Amma mən özümü yaxşı hiss etmirdim, mənə dedi sən çıx, mən bu şəxsi tək xilas edəcəm. Amma sonra görə bilmədim. Ona mənim can borcum var, İlhamı tapmaq isrəyirəm”.

Daha ətraflı videomaterialda:

Gununsesi.info