Türkiyədə hakim partiyanın qurultayı başladı – Ərdoğan çıxış edir

  • By admin
  • 24 Mart 2021 13:23

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı başlayıb.

Gununsesi.info xəbər verir ki, Türkiyə Prezidenti, AKP-nin lideri Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Ankara İdman Kompleksində qurultay iştirakçılarını salamlayıb.

Diqqətçəkən məqamlardan biri isə, R.T.Ərdoğan Türkiyənin şəhər və rayonlarını özünəməxsus formada tərənnüm edib, 81 vilayətin adını bir-bir çəkərək 84 milyon Türkiyə vətəndaşını salamlayıb.

“Allaha şükür ki, qurulduğumuz gündən bəri partiyamızın üzv sayı13 milyon 500 minə çatıb. Nəinki Türkiyədə, dünyada belə bir siyasi partiya yoxdur. 1 milyondan çox gənc, 5 milyondan çox isə qadın üzvümüz var. Bu ancaq Türkiyədə mövcuddur. Qarşıda bizi 2023-cü il gözləyir. Bu gün nizamnamə dəyişikliyi ilə 50 nəfərlik Mərkəzi Qərar İdarəetmə Şurasında yer alanların sayı 75 nəfərə qaldırılıb. Ehtiyat sayda isə 35 nəfərdir ki, onlar da əvəzedici olaraq qalmayacaqlar. Əsas üzvlər kimi digərləri ilə çalışacaqlar”, – Ərdoğan qeyd edib.

xxx

11:16

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, qurultay paytaxt Ankaranın İdman Kompleksində baş tutacaq. Qurultayda partiya sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “2023-cü ilin manifesti” adlı bir saat yarım davam edəcəyi gözlənilən geniş nitq söyləyəcək.

Türkiyə Prezidentinin çıxışında əsasən martın 2-də açıqlanan İnsan Hüquqları üzrə Fəaliyyət Planı və iqtisadi islahatlardan danışacağı gözlənilir.

Bundan əlavə, qurultayda partiyanın fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar da qəbul ediləcək. Belə ki, təşkilatın İdarə Heyəti üzvlərinin sayı 50-dən 75-ə çatdırılacaq. Ehtiyat üzvlərlə birlikdə 100 nəfərdən ibarət olacaq İdarə Heyətində eks-nazir və deputatlarla yanaşı, yeni şəxslərin yer alacağı gözlənilir. Yeni formalaşacaq İdarə Heyətində gənclərin və qadınların sayı da artırılacaq.

Bununla yanaşı, qurultayda AKP-nin yeni Nizamnaməsi qəbul ediləcək. Həmçinin, partiyanın Mərkəzi Aparatında bəzi dəyişikliklərin aparılması, yeni strukturların yaradılması planlaşdırılır. Bu dəyişikliklərin, xüsusən də AKP rəhbərliyinə yeni şəxslərin gətirilməsinin əsas məqsədi partiyanı 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərinə hazırlamaqdır.

AKP qurultay üçün 11 siyasi partiyaya dəvət göndərib. Konqresin şüarı “Türkiyə üçün təhlükəsizlik və sabitlik”dir. Pandemiya səbəbindən qurultaya xaricdən heç bir qonaq dəvət edilməyib. Qurultayda məhdud sayda qeyri-hökumət təşkilatı nümayəndələri, qazi və şəhid yaxınları iştirak edəcək.

Qeyd edək ki, AKP indiyədək 3-ü fövqəladə olmaqla, ümumilikdə 9 qurultay keçirib və 19 ildir ki, hakim partiyadır.

Gununsesi.info