Türkiyədə imtahan suallarını satan azərbaycanlılar saxlanıldı

  • By admin
  • 16 May 2022 13:54

Türkiyənin paytaxtı Ankarada “Scholastic Aptitude Test” (SAT) imtahanının suallarını satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb.

Gununsesi.info “NTV”yə istinadən xəbər verir ki, saxlanılan şəxslər sırasında Azərbaycan vətəndaşları da var.

Şübhəli şəxslər imtahan suallarını 2-3 min dollara satmaqda ittiham olunur.

Əməliyyatlar zamanı Əfsanə G., Fərnaz H., Fuad K., Ələkbər K., Səid K. və Əli A. saxlanılıb. Şübhəlilərin qaldıqları mənzillərdə aparılan axtarışlar zamanı 11 ədəd SAT imtahanına giriş sənədi, 18 ədəd SAT imtahan sual kitabçası və çoxsaylı rəqəmsal materiallar aşkar edilib.

Şübhəli Fərnaz H. tələbələrə sual satmadığını, xaricdən yeni gəldiklərini, qalmağa yerləri olmadığı üçün bibisi Əfsanə G.-nin evinə toplaşdıqlarını bildirib.

Qeyd edək ki, ABŞ-da ali təhsilə tələbə qəbulu üçün standartlar müəyyən edən qurum olan College Board tərəfindən həyata keçirilən SAT imtahanında Amerika universitetlərində bakalavr təhsili almaq istəyən tələbələr və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr iştirak edir. SAT tələbələrin ingilis dilində oxu, yazı, riyaziyyat və kompozisiya kimi sahələrdə bacarıqlarını qiymətləndirir.

Tələbələrin yerləşdiyi ölkədə beynəlxalq mərkəzdə tətbiq edilən və 5 il müddətində etibarlı olan imtahan ABŞ-da ildə 7, Türkiyədə isə 6 dəfə keçirilir.

Gununsesi.info