Türkiyədə sülh şərtləri: Rusiya geri çəkilir, yoxsa aldadır?

  • By admin
  • 29 Mart 2022 22:24

İstanbulda Rusiya-Ukrayna danışıqlarınının 4 saat davam edən ilk raundu başa çatdı: tərəflərin açıqlamaları müəyyən gözləntilər də yaradır.

Rusiya tərəfi qısa açıqlama ilə bəzi maddələr üzərində anlaşma əldə edildiyini, bunun üzərində xarici işlər nazirlərinin işləyəcəyini deyir.

Ukrayna tərəfi isə təkliflərinin nədən ibarət olduğunu açıqlayıb:

– Beynəlxalq təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalanması: Kiyev bununla bağlı xalqın mövqeyini öyrənmək üçün referendum keçirilməsini, referendum üçün isə döyüşlərin dayanması, rus ordusunun ölkə ərazisindən çıxarılmasını istəyir;

– Krımın statusu Ukrayna və Rusiya arasında qarşıdakı 15 il ərzində ikitərəfli şəkildə müzakirə olunsun: müzakirələrin getdiyi vaxt hər iki tərəf Krım məsələsinin həlli məqsədilə hərbi gücdən istifadə etməyəcək;

– Donbasla bağlı Ukrayna və Rusiya prezidentləri danışıqları çərçivəsində müzakirə olunacaq xüsusi bənd var.

Danışıqların getdiyi vaxt Rusiya Müdafiə Nazirliyinin Krım və Çerniqov istiqamətində hücumu ciddi şəkildə azaltmaq qərarı diqqət çəkir. Sergey Şoyqu bildirir ki, müharibədə birinci mərhələsində əsas tapşırıqlar yerinə yetirilib, bundan sonra əsas məqsədə – Donbasın işğalına diqqət yetirəcəklər.

Danışıqlar prosesi, təkliflər və Rusiyanın müharibə ilə bağlı qərarı iki versiyanı önə çıxarır:

Birincisi, müharibənin planlaşdırıldığı kimi getməməsi Rusiyanı əsas məqsəd dediyi minimum qazanca – Donbasın işğalı, Krıma quru yolun açılması, Azov dənizinə nəzarətin bağlanması və s. – məcbur edir;

İkincisi, ruslar hücumun ikinci və daha geniş mərhələsinə keçid üçün aldadıcı manevr edirlər.

Moskva Kiyevin təklifləri üzərində düşünəcəklərini desə də, rusların saziş imzalanması üçün qoşunları Ukraynadan çıxaracağı ehtimalı az görünür.

Gununsesi.info