Türkiyədəki seçkilərə müdaxilə iddiasına YAP-dan cavab

  • By admin
  • 25 May 2023 11:44

Türkiyənin müxalif mediasında və siyasi düşərgəsində Azərbaycan hökumətinə qarşı bir sıra ittihamlar yer alıb.

Həmin ittihamlarda bildirilir ki, Azərbaycan hökuməti Türkiyədəki seçkilərə müdaxilə edir. 

YAP-çı deputatların Türkiyəyə seçkiöncəsi səfərləri  çərçivəsində AKP-də keçirilən görüşlər, hökumətin nəzarətində olan KİV-lərin Ərdoğanın piarının aparılması buna nümunə kimi göstərilib. 

YAP-dan olan deputat Məlahət İbrahimqızı Gununsesi.info-ya açıqlamasında bu ittihamları yersiz adlandırıb.

Onun sözlərinə görə, dünyada yaranmış praktika var: “Dünyada müxtəlif siyasi qruplar var. Avropa Xalq Partiyası, Sosial Demokratlar, Yaşıllar Partiyası və sair bütün siyasi qruplar başqa ölkələrdə əməkdaşlıq etdiyi partiyalarla seçki dövründə işləyirlər. Burada seçki texnologiyalarından tutmuş bir sıra məsələlərdə bir-birinə dəstək ifadə olunur. Bunu seçkiyə müdaxilə kimi təqdim etmək doğru yanaşma deyil. Hesab edirəm ki, Azərbaycana qarşı aqressiv reksiya göstərənlər PKK-ya, HDP-yə yaxın dairələrdir”. 

Məlahət İbrahimqızı onu da deyib ki, YAP-dan olan deputatların Türkiyəyə son səfərləri bütövlükdə seçkiyə aid olmayıb: “Həm Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər, həm də Türkiyənin özünün dövlət tədbirləri çərçivəsində bu səfərlər reallaşıb. 

Onu da deyim ki, uzun illərdir ki, YAP və AKP arasında çoxtərəfli əməkdaşlıq mövcuddur və əməkdaşlıq rəsmi imzalanmış sənədlərdə əks olunub“.

 

Afət Abbasova

Gununsesi.info