Türkiyənin hakim partiyasının sözçüsü:  “Ermənilərin kimlərdən güc alması üzə çıxacaq”

  • By admin
  • 16 İyul 2020 10:11

“Ermənistanın kimdən güc alıb bu cür təxribatlara əl atması yəqin ki, yaxın zaman ərzində üzə çıxacaq”.

Gununsesi.org bildirir ki, bunu bir neçə gündür ki, Tovuz istiqamətində yaşanan gərginliklə, atəşkəsin pozulması ilə bağlı Modern.az-a danışan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və partiya sözçüsü Mahir Ünal bildirib. Partiya rəsmisi provakasiyanın müəyyən məqsədlərə qulluq etdiyini qeyd edib:

“Azərbaycan bizim canımız, qanımızdır. Bütün məsələlərdə sizinlə bir yerdəyik. Qarabağ məsələsində nə qədər haqlı olduğunuzu çox yaxşı bilirik. Beynəlxalq təşkilatlarda bu münaqişədə Azərbaycanın haqlı olduğunu, əsl gerçəkləri dünyaya çatdırırıq. Çünki Azərbaycanın münaqişəsi, problemi eyni zamanda, bizim də problemimizdir.

Tovuz istiqamətində Ermənistan atəşkəsi pozanda Azərbaycan onlara lazımı cavabı verib, şəhidlərimiz var. Şəhidlərin hər birinə Allahdan rəhmət diləyirəm. Bir məsələni açıq şəkildə bilmək lazımdır ki, biz bir millət, iki dövlətik. Bu baxımdan haqlı savaşımızı dünyaya daha açıq şəkildə çatdırmağımız və eyni zamanda bizə edilən bütün haqsızlıqlara qarşı da güclü dayanmağımız lazımdır.

Ermənilərin bu cür çətin pandemiya dövründə atəşkəsi pozması təbii ki, provakasiyadır. Sözsüz ki, bu provakasiyanın da arxasında hansısa niyyət dayanır. Ermənistanın beynəlxalq aləmdə hansı ittifaqların içərisində olmasına da xüsusi diqqət yetirmək lazımdır. Onların kimlərdən güc alaraq bu cür təxribata əl ata biləcəyi yəqin ki, yaxın zamanlarda açıq şəkildə üzə çıxacaq”. 

Gununsesi.org