Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir

  • By admin
  • 30 May 2021 11:53

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıqlı münasibətləri hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində  iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir.

Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi.

Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.

Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib.

Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir. İşğaldan azad olunmuş şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulmuşdur. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi olub. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər görülməlidi.

Vəhşi işğalçı  Ermənistan illərdir dünyaya münaqişə ilə bağlı yalan informasiya yayırdı, həqiqətləri özünün yalan təbliğatının arxasında gizlətməyə çalışırdı. Tarixi ədaləti bərpa edən Azərbaycan  ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlardan konkret əməli işə keçəcəyinə inam nümayiş etdirən Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək Dağlıq Qarabağ probleminin ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana  çatdırdı.

Tarixi həqiqətlərin təhrif olunması yolverilməzdir. Azərbaycanın müasir tarixi öyrənilməli və təbliğ olunmalıdı.

Gununsesi.info