Türkmənistan Aİ ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır

  • By admin
  • 16 Dekabr 2023 12:19

Türkmənistan və Avropa İttifaqı (Aİ) ikitərəfli və çoxtərəfli formatlarda səmərəli əməkdaşlıq edir və bu tərəfdaşlıq sistemli şəkildə artırılmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu prezident Serdar Berdiməhəmmədov hökumətin iclasında deyib.

İclasda baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredov Türkmənistan ilə Aİ arasında əməkdaşlığın inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib. O, 2023-cü ildə bəzi mühüm hadisələrin, o cümlədən Berdiməhəmmədovun Avropa Şurasının prezidenti Şarl Mişellə görüşü və parlamentlərarası dialoq çərçivəsində altıncı görüşün baş verdiyini xatırladıb.

Meredov qeyd edib ki, son vaxtlar Aİ-nin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa marağı xeyli artıb. Xarici işlər naziri bəzi prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini dövlət başçısına təqdim edib. Onların arasında Türkmənistan nümayəndə heyətlərinin insan haqları üzrə dialoq toplantısında və Türkmənistan-Aİ Komitəsinin iclasında iştirak etmək üçün Brüsselə səfəri də var.

Oktyabrın 23-də Lüksemburqda keçirilmiş Aİ-Mərkəzi Asiya nazirlərinin görüşünün bəyannaməsi əsasında 2024-cü ilin ikinci rübündə nəqliyyat sektoru üzrə ekspert görüşünün təşkili, enerji sektorunda tərəfdaşlıq və təcrübə mübadiləsini müzakirə etmək üçün həmin ilin birinci rübündə Aİ-nin müvafiq strukturları ilə məsləhətləşmələrin keçirilməsi tövsiyə olunur. Berdiməhəmmədov Meredova Aİ ilə əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində işi davam etdirməyi tapşırıb.

Gununsesi.info