Türkmənistanda tələb: ‘Pensiyanı almaq istəyirsən, ölmədiyini təsdiqlət’

  • By Mina
  • 05 Aprel 2024 16:44

Türkmənistanda təqaüdçülərin aprel ayı üçün pensiya almadıqları, onlardan sağ olduqlarını təsdiqləmələrinin tələb olunduğu bildirilir.

Gununsesi.info xəbər verir ki, ölkənin Balkan vilayətində pensiyaçılar və əlillik müavinəti alan vətəndaşlar apreldə pul almadıqlarını deyirlər. Hər ayın əvvəlində olduğu kimi, növbəti ödənişlərin intizarını çəkən vətəndaşlar, demələrinə görə, bank hesablarını yoxlayıblar və aprel ayının vəsaitinin daxil olmadığını aşkar ediblər.

“Türkmənbaşıda hər ayın 1-də pensiya və əlilliyə görə müavinətlər plastik kartlara keçirilirdi, amma bu aprel ayında belə olmadı. Səbəb isə odur ki, rayon pensiya idarəsi bütün pensiyaçıların və müavinət alan əlillərin sağ olduğuna əmin olmaq üçün yoxlama tələb edir”

Verilən məlumatlara görə, hazırda rayon sosial təminat uçotu şöbəsi 2-ci və 3-cü qrup əlillərdən, habelə bütün pensiyaçılardan sağ olduqlarını təsdiqləyən arayışları pensiya şöbəsinə təqdim etmələrini tələb edir.

Pensiyaçılardan mövcudluq faktını təsdiqləmə tələbi 2018-ci ildən bəri dəfələrlə irəli sürülüb. Əksər hallarda vətəndaşlara rəsmi xəbərdarlıq edilmədən birdən-birə səslənən bu tələblər cüzi təqaüdlə dolanmaqda çətinlik çəkdiyi bildirən insanların üzərinə əlavə yük qoyur.