Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı məlum oldu

  • By admin
  • 12 Fevral 2022 12:33

Türkmənistanda növbədənkənar prezident seçkiləri bu il martın 12-də keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkmənistan Mərkəzi Seçki Komissiyasının sədrinin köməkçisi Bezirgen Karaev bildirib.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov parlamentin yuxarı palatasının (Xalq Şurasının) növbədənkənar iclasında bir gün əvvəl bildirib ki, gənc liderlər hökumətinə yol vermək lazımdır. Türkmənistan mətbuatının məlumatına görə, “bununla əlaqədar olaraq, Seçki və Referendumun keçirilməsi üzrə Mərkəzi Komissiyanın sədrinə Türkmənistan Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq müvafiq işə başlamaq tapşırılıb”.

“Türkmənistan prezidentinin tapşırığına uyğun olaraq, ölkənin Mərkəzi Seçki Komissiyası martın 12-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlığa başlayıb”, – deyə Türkmənistan Mərkəzi Seçki Komissiyası rəhbərinin köməkçisi bildirib.

Türkmənistanda anadan olmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son on beş il ərzində Türkmənistanda daimi yaşayan və işləyən Türkmənistan vətəndaşı Türkmənistanın prezidenti seçilə bilər. Türkmənistan Prezidenti birbaşa Türkmənistan xalqı tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır. Türkmənistanda sonuncu prezident seçkiləri 2017-ci ildə keçirilib. Qanuna görə, növbəti seçkilər 2024-cü ildə keçirilməli idi.

Gununsesi.info