Türkmənistanda prezident seçkiləri kampaniyasına start verilib

  • By admin
  • 14 Fevral 2022 15:45

Fevralın 14-dən Türkmənistanda prezident seçkiləri ilə bağlı kampaniyaya start verilib.

Gununsesi.info xəbər verir ki, Türkmənistanın Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkilərin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara, habelə vətəndaş qruplarına məxsusdur.

Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürməlidirlər.

Qeyd edək ki, Türkmənistanda üç siyasi partiya var – Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası.

Türkmənistan prezidentliyinə namizəd bir qrup vətəndaş tərəfindən irəli sürüldükdə, o, ən azı 10 min seçici imzası ilə dəstəklənməlidir.

Bu ölkədə anadan olmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son on beş ildə ölkədə daimi yaşayan və işləyən vətəndaşı Türkmənistanın prezidenti seçilə bilər. Türkmənistan prezidenti birbaşa xalq tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır.

Türkmənistanda sonuncu dəfə prezident seçkiləri 2017-ci ildə keçirilib.

Xatırladaq ki, Türkmənistan Prezidenti, parlamentin yuxarı palatasının (Halk Maslahatı) sədri Qurbanqulu Berdiməhəmmədov ötən cümə günü bildirib ki, gənc liderlər üçün dövlət idarəçiliyinə yolların açılmasının zəruriliyi fikrini dəstəkləyir. Bundan sonra parlamentin aşağı palatası (Məclis) Türkmənistanda prezident seçkilərinin 2022-ci il martın 12-nə təyin olunması haqqında qərar qəbul edib.

 

 

Gununsesi.info