Türkmənistanda seçki kampaniyasına start verildi

  • By admin
  • 14 Fevral 2022 11:43

Türkmənistanda martın 12-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ərəfəsində seçki kampaniyasına start verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə bazar ertəsi dövlət agentliyi məlumat yayıb.

Seçki və Referendum üzrə Mərkəzi Komissiya fevralın 14-dən seçkiqabağı təşviqatın başlandığını elan edib. Bu da bir neçə mərhələni – namizədlərin irəli sürülməsi, onların qeydə alınması, seçicilərlə görüşləri əhatə edir.

Agentlik qeyd edir ki, bundan əvvəl Milli Genqeş (parlament) Məclisinin (aşağı palata) qərarı ilə Türkmənistanda prezident seçkiləri martın 12-nə təyin edilib.

Seçki və Referendum üzrə Mərkəzi Komissiyası seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı tədbirlərin təqvim planını təsdiqləyib. Komissiyada, həmçinin təkcə siyasi partiya və ictimai təşkilatlardan olan milli müşahidəçilərin deyil, beynəlxalq ekspertlərin və müşahidəçilərin də izləyəcəyi qarşıdan gələn kampaniyanın təşkilati məsələləri müzakirə olunub.

Ötən cümə günü Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xalq maslahatının (parlamentin yuxarı palatası) iclasında bildirib ki, gənclərə yer vermənin vaxtı çatıb. O, iki il əvvəl Məhəmməd peyğəmbərin (63 yaş) yaşına çatdığını, indi isə “çətin qərar” verdiyini vurğulayıb. Şənbə günü Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiya növbədənkənar prezident seçkilərinin martın 12-də keçiriləcəyini elan edib. Seçkilərdə iştirak edəcək namizədlər hələ açıqlanmayıb.

Qeyd edək ki, Türkmənistanda bundan öncə prezident seçkiləri 2017-ci il fevralın 12-də keçirilib. Seçicilərin 97,28%-i Berdiməhəmmədova səs verib. Seçkilərdə hər biri 1%-dən az və ya bir qədər çox səs toplayan səkkiz namizəd iştirak edib. Türkmənistanda növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməli idi.

Gununsesi.info