“TURKOVAC” Azərbaycanda hansı tarixdən tətbiq olunacaq? - Türk mütəxəssis açıqladı

  • By admin
  • 28 May 2022 11:48

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Türkiyə Səhiyyə Nazirliyinin stendi də nümayiş olunur. Burada Türkiyə Səhiyyə Xidmətlərində Keyfiyyət və Akkreditasiya İnstitutu (TÜSKA) xidmətlərini festival iştirakçılarına təqdim edir. Stenddə “TURKOVAC” peyvəndi də göstərilir və sınaq üçün maraqlanan şəxslərə təqdim olunur.

Türkiyə Səhiyyə Nazirliyinin nəznində Sağlamlıq İnstitutları Təşkilatının layihələr şöbəsinin müdiri, molekulyar genetika üzrə mütəxəssis Batuhan Yeşilyurt Publika.az-a açıqlamasında peyvəndlə bağlı məlumat verib və onun Azərbaycanda tətbiq olunmasından danışıb:

“TURKOVAC” üzərində 20 aydan çox müddətdə çalışdıq. Pandemiya ağır keçdi. Nəticədə, dünyada vaksinini özü istehsal edən 9 ölkədən biri də biz olduq. Təbii ki, bu, türk dünyası üçün böyük addımdır. Bu vaksinin hazırlanması ilə pandemiya vəziyyətində türkün gücü bir daha nümayiş olundu. Məqsədimiz vaksinə ehtiyacı olan ölkələrə ümid, xəstəliklərə şəfa olmaqdır. Pandemiyanın tam sona çatdığı barədə hələ danışa bilmirik. Hazırda pandemiya Türkiyənin gündəmində deyil. Vaksin olunanların sayı kifayət qədər çoxdur. Çox qısa müddətdə yerli imkanlarla belə bir vaksinin hazırlanması böyük uğurdur. Süni tənəffüs aparatlarının az olması, maska qıtlığı dünyada ciddi çətinliklər yaratdı” – o, qeyd edib.

Mütəxəssisin sözlərinə görə, elmi olaraq bir vaksinin hazırlanma müddəti 6 ildir: “Bu müddəti rekorda imza ataraq 22 ayda tamamladıq. Türkiyədəki işlər başa çatdıqdan dərhal sonra sınaqlar üçün vaksini ilk olaraq qardaş ölkə Azərbaycana təqdim etdik. Digər ölkələrlə də əməkdaşlığımız davam edir. Pakistan, Qırğızıstan, digər türk dövlətlərindən də vaksinin sınaq mərhələsində iştirak üçün müraciət edənlər oldu. Biz də bu müddətdə ikili əlaqələri təkmilləşdirdik. Türkiyədə vaksinasiya davam edir. Pandemiyanın başladığı müddətlə müqayisədə yoluxma sayı aşağı enib. Lakin bu, vaksinə ehtiyac olmadığı anlamına gəlmir. Əksinə, hazırlıqlı olmaqda fayda var. İki doza ilə yanaşı, üçüncü dozanın olması üstünlükdür. Nəzərə alaq ki, qış aylarında mövsümi xəstəliklər aktiv olur. Bu xəstəliklərin COVID-19 kimi xəstəliklərlə qarışmaması üçün vaksin olunmaq tövsiyə edilir. Dünyada pandemiya hər zaman olub, COVID-19 ilk deyil. Koronavirus bu gün ilk yayıldığı gündəki kimi güclü deyil”.

Batuhan Yeşilyurt ölkəmizdə “TURKOVAC”-ın sınaq mərhələsindən danışıb və bildirib ki, iştirak etmək üçün könüllülərin adlarını toplamağa başlayıblar: “Burada insanların böyük qismi 3 doza vaksin olunub. Qalan insanlardan “TURKOVAC”a maraq gözləyirik. İki doza inaktiv vaksin olunan, COVID-19 xəstəliyinə yoluxmayan 18-65 yaş arasındakı şəxslər Bakı Sağlamlıq Mərkəzinə sınaqlarda iştirak etmək üçün müraciət edə bilərlər. Azərbaycandan sınaqlarda iştirak üçün 300 nəfər könüllüyə ehtiyac var. Bununla Azərbaycanda vaksinin sınaq mərhələsini başa çatacaq. Həmçinin, “TURKOVAC” daha da geniş istifadə olunacaq. Türkiyədə artıq kəndlərdə də vətəndaşlar üçüncü doza olaraq “TURKOVAC” vaksini olunub”.

“TURKOVAC”ın Azərbaycanda sınaq mərhələsinin nə zaman başlanılmasına gəlincə, mütəxəssis qeyd edib ki, könüllülərin toplanır və say 300 nəfər olduqdan sonra sınaq mərhələsinə start veriləcək: “Əgər iyun ayına qədər bu limit tamamlanarsa, işlərə başlayacağıq. Türkiyədə 4 və 5-ci doza da “TURKOVAC” istifadə olunacaq. “TEKNOFEST” çərçivəsində vaksinə də böyük maraq var. Müraciət edən şəxslərin adlarını Bakı Sağlamlıq Mərkəzinə təqdim edirik. Randevu təyin olunur və onlar vaksin üçün müayinədən keçirlər. Bütün müayinələr pulsuzdur”.

Batuhan Yeşilyurt meymunçiçəyi virusundan və bunun üçün vaksinin hazırlanmasına ehtiyacın olub-olmamasından da danışıb: “Hazırda Türkiyədə meymunçiçəyi virusuna yoluxma qeydə alınmayıb. Təbii ki, bununla bağlı Türkiyə Səhiyyə Nazirliyi tədbirlər görməyə başlayıb. Biz də bu məqamda üzərimizə düşəni etməyə hazırıq. Elmi araşdırmalar aparmaq öhdəliyimizdir. Eynilə “TURKOVAC”da olduğu kimi, bu istiqamətdə də tədqiqatlar aparmağa hazırıq”.

Gununsesi.info