“TURKOVAC”ın sınaqlarında könüllü iştirak etmək üçün… - Nazir açıqladı

  • By admin
  • 09 Aprel 2022 12:29

“Azərbaycanda Türkiyə istehsalı olan “TURKOVAC” vaksininin üçüncü faza sınaqlarında könüllü iştirak etmək istəyən şəxslər var. İki ölkə arasında imzalanan müqaviləyə əsasən, sınaqların Bakı Sağlamlıq Mərkəzində baş tutacağını xatırladan nazir bildirib ki, artıq könüllü olmaq üçün müraciət edənlər var. Ümumi nəticələr əldə olunduqdan sonra yekun məlumatlar Türkiyə tərəfinə təqdim olunacaq. Yekun nəticələr barədə də ictimaiyyətə rəsmi açıqlama veriləcək”.

Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə naziri Teymur Musayev açıqlamasında deyib.

Teymur Musayev vurğulayıb ki, Azərbaycan pandemiya dövründə vaksinasiya kampaniyasına qoşulan ilk ölkələrdən olub: “Həm ölkə vətəndaşlarının, həm də Azərbaycanda daimi və müvəqqəti yaşayış icazəsi olan xarici vətəndaşların vaksinlərə əlçatanlığı təmin edilib. “TURKOVAC”ın üçüncü faza sınaqları isə sırf buster doza kimi istifadə üçün nəzərdə tutulub. Təbii ki, uğurlu olandan sonra vətəndaşlarımıza seçim kimi təqdim olunacaq”.

Qeyd edək ki, martın 9-da Türkiyə Sağlamlıq İnstitutu ilə Bakı Sağlamlıq Mərkəzi arasında “TURKOVAC” vaksininin kliniki sınaqlarının başlanmasına dair müqavilə imzalanıb.

Gununsesi.info