Türkyənin 100 illiyi Rumıniyada təntənəli şəkildə qeyd olunub -Fotolar/Video

  • By admin
  • 04 Noyabr 2023 12:06

Türkiyə Cümhuriyyətinin 100-ci il dönümü təkcə qardaş ölkənin özündə deyil, həm də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd edilib.

Gununsesi.info-nun məlumatına görə, Türkiyənin 100 -ci il dönümü münasibəti ilə Rumıniya paytaxtı Buxarestdə Ruminiya Sənaye və Ticarət Evinin təşkilatçılığı ilə böyük tədbir keçirilib.

Tədbir, həmçinin iki ölkənin diplomatik münasibətlərinin 145-ci il dönümünə də  həsr edilib.

Buxarestin məhşur salonlarının birində baş tutan tədbirdə bu ölkənin sabiq prezidenti Emil Konstantinesku, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə Böyük Millət Məclisinin, Rumıniya Parlamentinin  üzvləri, müxtəlif ölkələrin Buxarestdəki səfirləri, bir sıra ölkələrdən, o cümlədən  Azərbaycandan ictimai-siyasi xadimlər, media nümayəndələri və iş adamları iştirak edib.

Mərasimdə geniş nitq söyləyən Ruminiya Sənaye və Ticarət Evinin başqanl Tamer Atalay iki ölkə arasındakı münasibətlərdən danışıb.

Bildirib ki, Rumıniya Türkiyə üçün mühüm tərəfdaşdır: “Biz bunu həm siyasətdə, həm də qarşılıqlı iqtisadi münasibətlərdə görmüşük”.

Rumıniyanın sabiq prezidenti  Emil Konstantinesku prezident olduğu dövrdə iki ölkənin yaxınlaşması üçün gördüyü işlərdən danışıb.

Sabiq prezident bildirib ki, o dövrdə çoxsaylı türk şirkətlərinin Rumıniyaya yolunu açıb.

Prezident Ərdoğanın müşaviri Yalçın Topçu da öz nitqində  ölkə başçısının tədbir iştirakçılarına salamlarını çatdırıb.

Tədbirin sonunda Azərbaycanlı modelyer Gülnarə Xəlilovanın geyim sərgisi təşkil olunub və Türkiyədən gələn musiqiçilərin mahnıları ifa olunub.

Qeyd edək ki, mərasimdə bir sıra şəxslər Ruminiya Sənaye və Ticarət Evinin təsis etdiyi “Cümhuriyyət Ödülü” ilə mükafatlandırılıb.

 

 

Pərviz Həşimli

Bakı-Buxarest-Bakı 

Gununsesi.info