Ermənistanin birinci prezidenti, “Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası” (Konqres-EXP) blokunun lideri Levon Ter-Petrosyan İctimai Televiziyanın “Gündəmdən kənar” verilişinə müsahibəsi zamanı sensasiyalı açıqlamaları ilə yadda qalıb.
Gununsesi.info Avropa.info-ya istinadən xəbər verir ki, Petrosyanın Ermənistandakı parlament seçkilərindən öncə İctimai Televiziyaya verdiyi müsahibə tert.am saytı tərəfindən dərc olunub.
Həmin müsahibədən vacib məqamları oxucularımıza təqdim edirik:
-Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanların olduğunu heç bir siyasi qüvvə inkar etmir. Bəs Ter-Petrosyanın təklif etdiyi kompromislər digər təkliflərdən nə ilə fərqlənir?”
– Öncə bir məqamı dəqiqləşdirək. Mən hər hansı plan irəli sürməmişəm. Mənim fikirlərimə qarşı olanlar da hər hansı plan təklif etməyib. Belə bir plan əvvəldən var. Problem bizimlə Azərbaycan arasında yox, bizimlə dünya birliyi arasındadır.
Biz, yəni həm Azərbaycan, həm də Ermənistan dünyanın ən nüfuzlu təşkilatlarının – BMT və ATƏT-in bərabərhüquqlu üzvləriyik. Münaqişənin həlli ilə əlaqədar prinsipləri də nə Azərbaycan, nə Ermənistan müəyyənləşdirir. Onu beynəlxalq birlik müəyyənləşdirir.
Əslində, bu heç də mücərrəd bir platforma deyil. Bu təşkilat qərar qəbul etmək səlahiyyətinə malik məhkəmə orqanı olmasa da, ona bu məsələ ilə məşğul olmaq səlahiyyəti verilib. Söhbət BMT-dən də xeyir-dua almış ATƏT-in Minsk qrupundan gedir. BMT-nin Qarabağla bağlı bütün sənədlərində bu məsələ ilə bağlı səlahiyyətlərin ATƏT-n Minsk qrupuna həvalə olunduğu vurğulanır.
Beləliklə, sizin qeyd etdiyiniz təkliflər çoxdan var və onlar nə bizim, nə də Azərbaycanın təklifləridir. Bu təklifləri beynəlxalq təşkilatlar verib. İndi isə məsələ daha konkret qoyulub. Artıq nə mən, nə münaqişə tərəfləri hər hansı yeni plan irəli sürə bilərik. Ortada münaqişənin nizamlanması üçün “Madrid prinsipləri” adlandırılan plan var. 2007-ci ildən bəri məhz bu plan üzərində müzakirə aparılır.
İndiyədək tərəflərə 6 belə plan təqdim edilib: paket, mərhələli, “ümumi dövlət”, Ki-Uest planı, daha sonra ABŞ-ın Minsk qrupunu iradəsi xaricində irəli sürdüyü plan və nəhayət, “Madrid prinsipləri”. Əslində bu planların heç biri digərindən köklü şəkildə fərqlənməyib və fərq yalnız metodik yanaşmalarda olub.
Təkliflərin bir hissəsi problemin paket, bir hissəsi mərhələli həllini nəzərdə tutub. Paket həll variantından 1997-ci ildə imtina olunub. 1998-ci ildə ortaya qoyulmuş “ümumi dövlət” adlanan planı isə Azərbaycan qəbul etməyib. “Madrid prinsipləri”nə gəlincə, hələlik ondan heç kəs imtina etməyib. Danışıqların əsası kimi, həm Ermənistan, həm də Azərbaycan onu qəbul edir.
-İndi ortada olan variant “Kazan prinsipləri” deyilmi?
– Bu, Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-ın birgə bəyanatlarında da bir neçə dəfə qeyd olunub. Hazırda ortada olan “Madrid prinsipləri”dir, müzakirələr də bu sənəd üzərindən aparılır. Bu prinsiplərlə bağlı həmsədrlər arasında da fikir ayrılığı yoxdur.
Bu prinsiplərin sırasında ərazilərin geri qaytarılması və güc tətbiq etməməklə bağlı öhdəlik var. Bundan başqa, Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə hüququ, əlavə olaraq, təhlükəsizlik mexanizmlərinin tətbiqi, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi və s. də planda yer alır.
Kim deyir ki, problem həll edilə bilməz? Danışıqlar elə bunun üçündür. Sadəcə tərəflər özləri üçün mümkün əlverişli nəticəyə nail olmağa çalışır. Əvvəllər münahisəli məsələlər çox olsa da, indi onların sayı 2-3-ə enib.
-Ermənistan güzəştlərə hazırdır, Azərbaycan yox?
-Azərbaycan güzəştlərə hazır olmasaydı, ümumiyyətlə Minsk qrupunun apardığı prosesdə iştirak etməzdi. Yəni, hər iki tərəf güzəştlərə hazırdır. Sadəcə, onlar mümkün qədər üstünlük qazanmağa çalışırlar. Bu da təbiidir. Bütün digər planların müzakirəsi zamanı da belə olub. Doğrudur, hansısa mərhələdə hər iki tərəf bu plana da “yox” deyə bilər. Ancaq bu, hələ ki, baş verməyib.
Bu gün Ermənistanda siyasətçi adlandırılanların çoxu, sabiq diplomatların 99%-i Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin mahiyyətini anlamır. Danışıqlara kimlərin getdiyini, müzakirələrdə kimlərin iştirak etdiyini bilirsiniz. Gecə-gündüz çalışırlar. Gah Nalbandyan, gah Sarksyan Moskvadadır, Parisdədir… Danışıqlar nəyin ətrafında aparılır? Ardıcıl olaraq, Minsk qrupunun təqdim etdiyi proqram ətrafında müzakirələr gedir. İndi belə çıxır ki, bu insanlar xaindir? İndi, yanğını söndürmək zamanıdır. Apreldə nələrin yaşandığını gördük. Nələrin ola biləcəyini də gördük. Bəli, aprel hadisələri bir təkan oldu. Əgər problem həll olunmasa, bizi neçə aprellər gözləyir? Xalqımız nə qədər qurban verməlidir? O ölümlərin bir mənası varmı? İnsanlar nə üçün ölür? Hansı tərəfdən yanaşsaq, bunun başqa həlli yoxdur. Bu qədər konkret danışıram.
Tutaq ki, Minsk qrupunun təklif etdiyi variantdan imtina etdik, nə qazanacağıq? Status-kvo qalacaq, yenə hər gün bu blokada şəraitində, müharibə təhlükəsi altında yaşayacağıq. Hər gün insanlarımız ölüm təhlükəsi altında olacaq. Belə şəraitdə inkişaf edə biləcəyikmi? Bu durumda ordumuzu gücləndirmək üçün mənbələr tapa bilərikmi? Xalqımızın sosial vəziyyəti yaxşılaşa, miqrasiya azala bilərmi?
İndi, həmsədrlər normal, balanslaşdırılmış plan təklif edir. Ermənistan onu imzalamağa hazır olduğunu qəti şəkildə ortaya qoyarsa, Azərbaycan etiraz etməz.
-“Qarabağın statusu ilə bağlı səsvermənin günü və vaxtı gələcək müzakirələrdə müəyyən ediləcək” fikrindəki “gələcək müzakirələr” ifadəsi Ter-Petrosyanı narahat etmirmi?”
-Əlbəttə, edir. Buna reaksiyanı ilk dəfə mən vermişəm. Bildirmişəm ki, keçiriləcək səsvermənin bütün şərtləri ilk mərhələdəcə elan olunmalıdır. Onun vaxtı, səsverməyə qoyulacaq məsələ, nəticələrinin yurisdiksiyası ilə bağlı 6-7 məsələ irəli sürmüşəm. İlk dəfə bu məsələni 2008-ci ildə qaldırmışam. İndi də bu fikirdəyəm ki, hazırda bəzi həll olunmamış xırdalıqlara səthi yanaşsaq, onları bu gün həll etməsək, sabah o haqda danışmaq daha çətin olacaq.
-Qarabağa sonuncu səfərinizdən hansı təəsüratlarla qayıtdınız?
-Bilirsiniz, mən o adamlardan deyiləm ki, 2 nəfərlə görüşməklə, qarabağlıların nə istədiyini deyim. Bunu müəyyənləşdirmək üçün aylarla orada qalmalıyam. Bir şey bəllidir ki, Ermənistanın da, Qarabağın da əhalisi bu 20 ildə ciddi beyin travması alıb. Müntəzəm şəkildə qələbədən danışmaqla, əraziləri geri verməyəcəklərini deməklə, “dənizdən dənizə Ermənistan” yaratmaq xülyaları ilə, qalib ordudan, 1994-cü ilin zəfərlərindən bəhs etməklə, millətin məsələlərə açıq gözlə baxmaq hissini yox ediblər. Gəlin Qarabağ məsələsinə daha konkret, daha yaxından baxaq. Ərazilərin qaytarılması məsələsinə bir az açıq gözlə baxaq. Ən ağrılı problem budur. Xalqı çaşdıran politoloqlar, siyasətşünaslar belə bir fikir formalaşdırmağı sevir: kim ərazilərin geri qaytarılmasından danışırsa, o xaindir, qorxaqdır, türkdür, nə bilim nədir… Yaxşı tutaq ki, mən türkəm, xainəm, qorxağam, məndən sonra gələn Koçaryan, Vardan Oskanyan eyni plan üzərində çalışmırdılarmı? Üstəlik onlar daha pis plan üzərində işləyirdilər. Bilin, ərazilərin qaytarılması şərti bütün layihələrdə yer alıb və bu şərti hər kəs qəbul edib. Serj Sarqsyan da onlardan bu şərtin olduğu planı miras alıb və hazırda onu reallaşdırmaqdadır.
Yaxşı, demək, Ermənistanın bütün hakimyyətləri, bütün prezidentləri xaindir? Hər kəs anlamalıdır ki, biz beynəlxalq ailənin üzvüyük və bu ailənin qaydalarına əməl etməyə borcluyuq. Biz BMT və ATƏT-in sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı prinsiplərini qəbul etdiyimizə dair imzalar atmışıq. Bu sənədlər vasitəsilə sərhədlərin güc tətbiqi ilə dəyişdirilməsinin yolverilməzliyini qəbul etmişik. Demək, buna əməl etməliyik. Bu prinsipləri biz də qəbul etmişik, Azərbaycan da. Dünya isə bu prinsiplərin pozulması ilə bağlı heç bir bəhanəni tanımır.
Biz Qarabağın (qondarma “DQR”-i nəzərdə tutur: avropa.info) nəzarəti altında olan Azərbaycan ərazilərini “Tarixi Ermənistan” da, “azad olunmuş ərazilər” də adlandıra bilərik, oraya “müqəddəs ərazilər” və sair də deyə bilərik. Amma beynəlxalq hüquqda belə kateqoriyalar yoxdur və ola da bilməz. Bunlar xülyadır. Nə bizim hakimiyyətimiz, nə Koçaryan, nə də Sarksyan bu ifadələrdən beynəlxalq sənədlərdə istifadə edib. Əgər belə ifadələrdən istifadə etsəydik, ölkəmizi “qanmaz ölkə” elan edərdilər.
-Bəs həmin ərazilər sizin vaxtınızda “azad edilmədimi”?
-Biz “azad edildi” deyə bilərik. Beynəlxalq birlik isə başqa cür adıandırır: işğal!”.
-Belə çıxır ki, oranı siz işğal etmisiniz?
– Beynəlxalq birliyə görə, bəli!
-Ter-Petrosyan bunu nə ilə izah edə bilər – biz torpaqları nəyin qarşılığında geri qaytarırıq?
– Biz BMT və ATƏT-in tələblərini yerinə yetiririk. Vəssalam!
-Axı nəyin qarşılığında?
-İzah edim: artıq qeyd etdiyim kimi, nizamlama prosesi kifayət qədər balanslaşdırılıb. Bütün variantlar – paket həll də, mərhələli həll də, “ümumi dövlət” də, nəhayət, “Madrid prinsipləri” də bəzi istisnalarla, eyni plandır. Hamısının əsasında bir az əvvəl sadaladığım prinsiplər var. Biz Azərbaycanla münaqişə tərəfləriyik və problemin həlli üçün məlum beynəlxalq təşkilatlara müraciət etmişik. Onlar hansı həll planını təqdim etsə, Ermənistanla Azərbaycan onu qəbul etməyə borcludur. Soruşursunuz ki, torpaqları nəyin qarşılığında veririk? Çox yaxşı sualdır.
Birincisi, bunu beynəlxalq hüquq tələb edir. Amma sənəddə məsələn, Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququ, sərbəst, təhlükəsiz yaşama hüququ kimi məsələlər də əksini tapıb. Bu, artıq ən böyük güzəştdir. Bakı Qarabağın muxtar vilayət statusunu ləğv edib. İndi isə muxtar vilayət verir. Bu, böyük nailiyyətdir. Bir zaman bunu yalnız xəyal edə bilərdik…
Beynəlxalq birlik ərazilərin Qarabağın (qondarma “DQR” nəzərdə tutulur: avropa.info) nəzarəti altında qalmasını qəbul etmir. Ərazilərin dərhal boşaldılması tələb olunur.
-Siz yenə də İlham Əliyevi rasional düşünən dövlət xadimi sayırsız? Bu fikriniz etirazla qarşılanmışdı…
-Burda nə var ki? Bu ifadəyə görə mənə hücum edənlər rasional düşüncənin nə demək olduğunu anlamır. Rasional düşüncə başqa şeydir. Əliyev də çox rasional adamdır. Müzakirələrdə maksimum nailiyyət əldə etməyə çalışır.
Gununsesi.info