“TV-lər düz işləsə, heç bir qazi canına qıymaz” -Mirşahin/VİDEO

  • By admin
  • 18 İyul 2022 11:50
Tanınmış jurnalist, REAL TV-nin rəhbəri Mirşahin Ağayev növbəti dəfə televiziya kanallarını sərt tənqid edib.
Gununsesi.info xəbər verir ki, o, müəllif və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişində qazilərin intiharı məsələsinə görə TV-ləri günahlandırıb:
“Azərbaycanda marginallar qazi kartından həm də sosial həssas qrupları prosesə cəlb etmək məqsədilə yararlanmağa çalışırlar. Yutub kanalında əcaib bir sual eşitdim. Deməli sorğu keçirirlər. Bir nəfər də deyir: Mən nə istəyirəm ki? Azərbaycan dövlətinin sərvətindən öz payımı istəyirəm…
Bu xətti əllərində olan internet resursları və Yutub kanalları vasitəsilə sadədil insanların beyninə sırıyan efir diversantlarının qarşısına ölkənin ciddi media resursları, biz də daxil olmaqla televiziyalar, radiolar çıxmalıdır.
Biz dövlətin prioritetlərini cəmiyyətə, auditoriyaya dürüst çatdırmalıyıq. Dövlətə müraciət edib yayım borclarımızı bağlamağı rica etmirik? Edirik! Və xahişimizi də yerinə yetirirlər. Qazanmırıq? Qazanırıq! Qazanırıqsa, bunu əməkdaşlarımızın peşəkarlığını artırmağa yönəldək, təlimlərə göndərək, qoy ən yüksək texnologiyalara yiyələnsinlər. İctimai yükümüzü, sambalımızı artırmalıyıq, hörmətli həmkarlar!
Bir müddət əvvəl ədəbiyyat, incəsənət, mədəniyyət, sənət cameəmizə üz tutanda, Zəfəri əbədiləşdirək deyəndə mən həm də bu günlər rastlaşdığımız halları nəzərə alırdım. Əgər efirimizin 70-80 faizi Qarabağa, qazanılmış tarixi zəfərin təbliğ və tədrisinə həsr olunarsa, heç bir qazi intihar etmək haqqında düşünməz. O başa düşər ki, bu ölkədə ondan yüksək mənsəb sahibi, ondan ali vətəndaş yoxdur. O başa düşər ki, bu gün də Qarabağda olmalıdır. Cihad-kəbir aparan Ali Baş Komandanın yanında və əmrində. Çünki müharibə bitsə də mübarizə davam edir. Ali Baş Komandanın əsgərləri isə həmişəki kimi bu mübarizənin də önündə olmalıdır. Biz birlikdə güclüyük. Bu şüar heç vaxt indiki kimi yerində və aktual olmayıb!”.

Xatırladaq ki, M. Ağayev ötən günlərdə də telekanalların ünvanına sərt sözlər səsləndirmişdi.
Jurnalist, bir çox kanalların ictimai zövqü korladığını, efirin oyunbazlıq məkanına, pul yığımına çevrildiyini, ictimaiyyətin aldadıldığını vurğulamışdı.
Bütün bu iddialardan sonra, ATV və ARB rəhbərliyi birgə bəyanat yayaraq, Mirşahinin ittihamının cəfəngiyat olduğunu bildirib, onu məhkəmə ilə hədələmişdilər.
Gununsesi.info