Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Gununsesi.info-nun məlumatına görə, deputat Siyavuş Novruzov bildirib ki, bir məsələ Azərbaycan ictimaiyyətini çox narahat edir, bu da Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsidir.
“Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlər ilə münasibətləri yaxşı olub. Lakin Rusiyada bir qrup insanlar öz maraqlarını dövlətin maraqlarından üstün tutub. Biz Rusiya ilə bağlı hər hansı məsələ olduqda, beynəlxalq təşkilatlar tərəfindən təzyiqlər olsa da, neytrallığımızı qoruyub saxlayırıq, tərəfsiz siyasət yeridirik. Hesab edirəm ki, bu məsələ ilə bağlı parlament ciddi müraciət etməlidir”, deyə o qeyd edib.
Deputat təklif edib ki, Azərbaycanda fəaliyyət göstərən Rusiya QHT-ləri ölkəmizin qanunvericiliyə uyğun fəaliyyət göstərməsi barədə hesabat versin: “Bu çox ciddi məsələdir, dövlətlər və partiyalar arası əlaqələr var. Rusiya dövlət başçısı da bu məsələyə münasibət bildirməlidir”.
Spiker Oqtay Əsədov həmkarı Siyavuş Novruzova müraciətlə deyib: “Siz beynəlxalq təşkilatlarda neytral siyasətdən danışırsız. Lakin biz bütün beynəlxalq təşkilatlarda Rusiyanı dəstəkləmişik və dəstəkləyirik”.
Arif Rəhizadə isə deyib ki, bu, həyata keçirilən bir planın tərkib hissəsidir: “Baxmayaraq ki, Rusiya ilə Azərbaycan prezidentləri arasında yaxşı münasibət olsa da, Rusiyada elə qüvvələr mövcuddur ki, bu münasibətləri korlamağa çalışır. Odur ki, biz parlament adından Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlamalıyıq. Müraciətdə ölkə başçısından belə hərəkətlərə son verilməsi tələb olunmalıdır”.
A.Rəhimzadə eyni zamanda, bildirib ki, bu iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir.
Millət vəkili Əli Hüseynli Rusiya Ədliyyə Nazirliyinin qərarını pisləyərək qeyd edib ki, bu qərar iki ölkə arasındakı münasibətlərə mənfi təsir etməkdədir: “Ona görə də biz növbəti mərhələdə ÜAK-ın fəaliyyətinin bərpasına nail olmalıyıq”.
Spiker Oqtay Əsədov bu qərardan təəssüfləndiyini dilə gətirərək bildirdi ki, sözügedən qərar bizi məyus etdi.
Mürtəza
Gununsesi.info