“Uber”, “Mastercard” və “Unibank” birgə layihəyə başlayıb

  • By admin
  • 04 Oktyabr 2016 09:00

 

uber

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti, “Mastercard” beynəlxalq ödəniş texnologiyaları təchizatçısı və “Unibank” ASC birgə layihəyə start veriblər.

Bu haqda Gununsesi.info-ya şirkətdən məlumat verilib. Belə ki, layihə çərçivəsində “Uber”in tərəfdaş sürücülərinə unikal təklif təqdim edilir ki, onlar qazandıqları vəsaiti rahat istifadə edə biləcək. Bunun üçün hər bir “Uber” sürücüsü “Unibank”ın Bakı və ya Abşeronda yerləşən istənilən filialına yaxınlaşıb VÖEN hesabı açmalıdır. Dərhal filialda sürücüyə “Mastercard” debet kartı “Albalı Plus” təqdim olunur. “Uber” tərəfindən VÖEN hesabına köçürülən vəsait avtomatik olaraq həmin karta yatırılır və sürücü kartda olan vəsaitdən rahat şəkildə istifadə edə bilir. Layihənin əsas məqsədi də məhz “Uber”in partnyor sürücülərinin qazandıqları vəsaitlərdən rahat istifadə etməsidir.

“Unibank”ın istənilən filialına yaxınlaşan hər bir sürücüyə pulsuz VÖEN hesabı açılır və “Mastercard” debet kartı “Albalı Plus” təqdim olunur. Bundan başqa, “Uber” sürücüləri “Unibank”ın “SMS Banking”, “Mobile Banking” və “Internet Banking” kimi xidmətlərindən tam pulsuz olaraq yararlana biləcək. Eyni zamanda, sürücülər kartdan nağdlaşdırmaya görə heç bir komisyon haqqı ödəməyəcək. Kart ilə nağdsız ödəniş etdikdə sürücüyə xərclənən məbləğin 20%-dək “cash back” geri qaytarılacaq, kartdakı qalıq məbləğə görə isə illik 6%-dək gəlir hesablanacaq.

“Bakıda fəaliyyətə başladığımız dövrdən etibarən biz xidmətimizi istifadəçilərin tələblərinə uyğunlaşdırmışıq. Artıq istifadəçilər əlverişli qiymətlərlə “UberX” və ya biznes-klass xidməti olan “UberSELECT” sifariş edə bilirlər. Bu yay nağdsız ödənişlərlə yanaşı, nağd ödəniş funksiyasını da təqdim etdik ki, bu da özlüyündə nağdsız ödənişlərin inkişafına kömək edəcək: istifadəçilər nağd ödənişlə bir neçə gediş etdikdən sonra nağdsız ödəniş üsuluna keçəcəklər. “Mastercard” və “Unibank”ın birgə layihəsi tərəfdaş sürücülərimiz arasında da nağdsız ödənişlərin inkişafına təkan verəcək”, – deyə “Uber”in MDB ölkələri üzrə baş meneceri Aleksey Stax bildirib.

“Ölkənin ən innovativ və texnoloji banklarından olan “Unibank”, öz məhsul və xidmətləri ilə nağdsız ödənişlərin dövriyyəsinin artmasına və kart biznesinə göstərdiyi dəstəyi genişləndirməkdədir. Biz çox şadıq ki, “Uber” və “Mastercard”la olan bu yeni layihəmizlə də  kart biznesinə olan töhfəmizi bir qədər də genişləndirmiş olacağıq. Kart bazarında unikal məhsul hesab olunan “Albalı Plus” debet kartı “Uber” sürücülərinin fəaliyyətini bir qədər də asanlaşdırmaqla yanaşı, üstünlükləri ilə istifadəçilərinə daha çox qazanc gətirəcək. Məhz “Albalı Plus” debet kartının üstünlükləri və “Unibank”ın MDB ölkələri banklarının arasında ilk yerləri tutan “Mobil Bank” əlavəsi ilə “Uber” sürücüləri öz vəsaitlərinə istədikləri vaxt nəzarət edib, bank əməliyyatlarını həyata keçirə biləcəklər”, – deyə “Unibank”ın Pərakəndə bank xidmətləri üzrə direktoru Taleh Tahirli  bildirib.

“Biz hər zaman “Mastercard”da maliyyə institutu olan müştərilərimizə müvəffəqiyyətlə xidmət göstərmələrinə və bizneslərinin genişlənməsinə dəstək olan həllər təqdim edirik. Qabaqcıl məhsullarımız kommersiya partnyorlarımıza yeni satış kanalları və daha yaxşı alış-veriş imkanları yaratmağa, fəaliyyət effektivliyini artırmağa, həmçinin dələduzluqla mübarizə aparmağa yardım edir. Öz sahəsinin aparıcı nümayəndəsi olan iki şirkətlə əməkdaşlığımıza şadıq və gələcəkdə də Azərbaycanda olan bütün müştərilərilərimizi yüksək keyfiyyətli xidmətlərlə təmin edəcəyik”, – deyə “Mastercard”ın Türkiyə və Azərbaycan üzrə regional meneceri Yasemin Bedir qeyd edib.

“Uber” haqqında:

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı https://www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.

“Mastercard” haqqında:

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.

“Unibank” haqqında:

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Gülnaz Qənbərli

Gununsesi.info