“Qərb hərbi və mülki alətlərin birləşdiyi yeni tipli münaqişə ilə qarşılaşır”.
Gununsesi.info xəbər verir ki, bunu “The Times” üçün yazdığı məqalədə Böyük Britaniyanın Mühafizəkar Partiyasından olan deputatı Bob Sili və Henri Cekson adına Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin direktoru Endrü Foksoll bildiriblər.
Müəlliflər Rusiyanın son iki onillikdə apardığı münaqişələri sadalayıblar: Estoniyaya kiberhücumlar, Gürcüstan və Ukrayna ilə müharibələr, informasiya müharibəsi, xarici siyasətin aləti kimi iqtisadi addımlar və sair.
“Bu, tək və ayrı-ayrı hərəkətlər deyil, yeni tipli münaqişəsinin bir hissəsidir. Ona bir çox ad verilirdi. Ən məşhurlardan biri “hibrid müharibəsi”dir. Amma “asimmetrik hərbi hərəkətlər”, “boz müharibə” və “gizli müharibə” kimi başqaları da var”, – məqalədə qeyd edilir.
Nəşrin müəllifləri “müasir Rusiya münaqişəsi” (Contemporary Russian Conflict) terminini qəbul etməyi təklif edirlər. Bu yanaşmanın əsasında “soyuq müharibə” zamanı Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən istifadə olunan “aktiv tədbirlər” dəsti dayanır.
“Rusiya hakimiyyəti bu münaqişədə ən azı 50 alətdən istifadə edir. Onları yeddi qrupda birləşdirmək olar: ictimaiyyətlə siyasi münaqişə, iqtisadiyyat və energetika, diplomatiya və iş, mədəniyyət və din, idarəetmə və hüquq, informasiya müharibəsi, həmçinin ənənəvi və qeyri-ənənəvi hərbi alətlər. Yeddinci elementin özəyini komandanlıq və idarəetmə təşkil edir”, – Sili və Foksxoll yazırlar.
Məqalənin müəllifləri hesab edirlər ki, hakerlər, trollar, qatillər, etirazçılar və küçə quldurları təyyarələr, tanklar və artilleriyadan daha faydalı və rahat ola bilər. Onların sözlərinə görə, belə alətlər dəstindən başqa nüfuzlu ölkələr, məsələn Çin və İran da istifadə edir.
Sili və Foksoll göstərir ki, yaxın gələcəkdə Qərb məhz belə münaqişə tipi ilə qarşılaşacaq.