Hacıqabul, Ucar və Kürdəmir rayonlarında yerləşən fərdi təsərrüfatlardan silsilə oğurluqlar edən dəstə ifşa olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin sonlarında rayonun Padar qəsəbəsi və Atbulaq kəndi ərazisində yerləşən 2 fərdi təsərrüfatdan 6 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 4000 manatdan artıq maddi ziyan vuran üç nəfər saxlanılıb. Araşdırmalarla onların Ağdam rayon sakini Əvəz Qurbanov, Bərdə rayon sakini Fariz İbrahimov və Tovuz rayon sakini Akif Quliyev olduqları müəyyən edilib.
Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, adları çəkilən şəxslər ötən ilin noyabr ayı ərzində Ucar və Kürdəmir rayonları ərazisində analoji cinayət əməlini törədərək 3 fərdi təsərrüfatdan 6 xırdabuynuzlu və 3 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.
Gununsesi.info