
“Bu gün uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb”.
Gununsesi.info-nun xəbərinə görə, .Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı Azneft İB-nin baş direktoruna sərt mesajlar ünvanlayıb. Belə ki, hüquq müdafiəçisi bu haqda sosial şəbəkədəki səhifəsində baş verən qəzayla bağlı mütəmadi məlumatlar paylaşır: “Daşqın müəllim! Bu gün uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb. Balansda da qəzalı və işlək olmayan estakada kimi göstərilirdi. Estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, hansı ki işçilərin olduğu budka yerləşirdi. Bu işdə tikinti, keyfiyyət yox , birbaşa təhlükəsiz istismar sorğulanmalıdır: Bilmək istərdim, qəzalı estakadaya bitişik hissədə budka qoymaq riskini anlamayan adamlar haqqında hansı ölçü götürüləcək?”.
Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.
Gülnaz Qənbəri
Gununsesi.info