Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən Əhməd Cəmil adına 3 mərtəbəli tam orta məktəb hazırda uçub-dağılmaq üzrədir.
Yeri gəlmişkən, məktəbin qarşısındakı magistral yolda da şagirdlərin və müəllimlərin yolu qarşı tərəfə keçib məktəbə adlaya bilməkləri üçün magistral piyada keçidi yoxdur. Sentyabr ayında məktəbin qarşısında magistral yol çəkilsə də, hazırda yolun kənarlarında piyadaların normal hərəkəti üçün səkilər də salınmayıb.
Məktəb rəhbərliyinin dediyinə görə, dəfələrlə Təhsil Nazirliyinə müraciət olunsa da, heç bir nəticəsi olmayıb. 1000 nəfərdən artıq tutumu, 4 ha sahəsi olan bu məktəbdə 5 yaşlılarla birlikdə hazırda 430 şagird təhsil alır.
Məktəb Sovetlər dönəmində 1976-cı ildə tikilib. İki il sonra isə istifadəyə verilib.
Qeyd edək ki, bu məktəb Zəyəm qəsəbəsindəki iki məktəbdən biridir. Qəsəbənin əhalisi 12 minə yaxındır.
“Bölgənin Səsi” olaraq biz də əlaqədar qurumları bu məktəbin vəziyyətinə biganə qalmamağa çağırırıq.