“Üçüncü qüvvəyə imkan verməmək lazımdır ki, Tehran-Bakı münasibətlərinə xələl gətirsin” - İranın ölkəmizdəki sabiq səfiri Qəzayi

  • By Mayil
  • 20 Oktyabr 2016 11:54
qazayi
Oktyabr 18-19-da Ərdəbil əyalətinin valisi Azərbaycanda səfərdə olub. Nümayəndə heyətinin tərkibində 2001-2004-cü illərdə İranın Azərbaycandakı səfiri olmuş Əhəd Qəzayi də yer alıb.
Yaranmış fürsətdən istifadə edib, onunla qısa da olsa, son illərdə Azərbaycandakı vəziyyət  və iki ölkə arasındakı münasibətlərlərlə bağlı söhbətləşə bildik. Söhbət zamanı bildirdi ki, diplomatik fəaliyyətini başa vuraraq təqaüdə çıxıb. Hazırda Tehranda yaşayır  və özəl sektorda fəaliyyət göstərir. Azərbaycana səfərinə gəldikdə isə bildirdi ki, Ərdəbil əyalətinin  valisi ondan nümayəndə heyətinin tərkibində Bakıya səfər etməyi xahiş edib və o da bu təklifi qəbul edib.
İndi isə Gununsesi.info olaraq onunla müsahibəni təqdim edirik.
“Azərbaycanla İran arasında siyasi müstəvidə münasibətlər  yüksək səviyyədə olsa da, iqtisadi  əlaqələr qaneedici səviyyədə deyil”
 
-Əvvəla, Sizi Azərbaycanda yenidən xoş gördük. Bilmək istərdik ki, sizin səfir olduğunuz dövrlə bugünkü Azərbaycan arasında hansı fərqlər var. Bu keçən müddətdə Azərbaycandakı dəyişiklikləri necə dəyərləndirirsiniz?
Bu keçən müddətdə Azərbaycan hərtərəfli inkişaf edib və bunu  qeyd etməmək ədalətsizlik olardı. Bakı gözəlləşib, heç 10 il bundan əvvəlki Bakından əsər-əlamət qalmayıb. Bununla yanaşı, digər bölgələr də inkişaf edib. Ölkədə əmin-amanlıq hökm sürür. Biz də Azərbaycanın bu uğurlarına  və inkişafına sevinirik.
Elə zamanında da biz iki qonşu, dost, qardaş ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün çabalar göstərirdik. Həqiqətən də, indi iki ölkə arasındakı münasibətlər tədricən gözlədiyimiz o inkişaf  həddinə yaxınlaşır.
-Necə hesab edirsiniz Azərbaycanla İran arasında  bu əlaqələr istənilən həddə çatıbmı?
-İlk olaraq onu demək istərdim ki,  siyasi müstəvidə münasibətlər  lazımi həddədir və ölkə başçılarının siyasi iradələri ortadadır. Ancaq iqtisadi sahədə əlaqələr  bizi hələ də qane etmir. Çünki iqtisadi münasibətlərin inkişafı üçün  böyük imkanlar olsa da, bu imkanlardan tam istifadə olunmayıb. Lakin siyasi müstəvidə qurulan münasibətlər azərbaycanlı iş adamlarına İranda, iranlı iş adamlarına isə Azərbaycanda  iş qurmaq üçün çox gözəl imkanlar açıb. Artıq viza məsələsindəki problemlər aradan qaldırılıb. Azərbaycan vətəndaşları vizasız İrana səfər edir, İran vətəndaşları  üçün viza rejimi sadələşdirilib. Digər tərəfdən İrandakı xəstəxanalarda Azərbaycandan gələn xəstələrin sığortalanması məsələsi də həllini tapıb. Əgər hər hansı bir xəstənin problemi yaranarsa, o, sığorta imkanlarında istifadə edəcək.
 
“İndi Azərbaycan İran münasibətlərinin hansı formada irəli aparılması istiqamətində iş aparılır”
-Sizin səfir olduğunuz dövrdə iki ölkə arasında müəyyən analaşılmazlıqlar və problemlər hökm sürürdü. Necə hesab edirsiniz, indi bu problemlər aradan qaxıbmı?
Bəli. Keçən bu müddət ərzində  əlaqələr  gözlənilməz həddə inkişaf edib. Elə biz də  zamanında Azərbaycanla iran arasındakı əlaqələrin normal məcraya düşməsinə çalışırdıq və bu istiqamətdə fəaliyyət göstərirdik. Azərbaycan prezidenti ilə Ərdəbildən gələn nümayəndə heyəti arasında keçirilən görüşdə də iki ölkə arasındakı əlaqələr müzakirə olunarkən  İlham Əliyev bildirdi ki, Əhəd Qəzayinin səfir olduğu müddətdə də “biz çalışırdıq ki, nə vasitə iləsə münasibətləri normallaşdıraq”. Amma indi münasibətlər çox yüksək səviyyədədir və biz çalışırıq ki, necə formada daha irəliyə aparaq və dinamik inkişaf davamlı olsun. İndi biz bunun yollarını arayırıq.
 
“Azərbaycandakı sabitlik İranın xeyrindədir”
-Regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq məsələlərini necə dəyərləndirirsiniz?
Digər sahələrdə olduğu kimi, bu sahədə də iki ölkə arasında uğurlu bir əməkdaşlıq formatı qurulub. Bu sahədəki əməkdaşlıq inkişaf etməkədir və regional təhlükəsizliyə xidmət edir. Hesab edirəm ki,  regional  təhlükəsizlik sahəsindəki əməkdaşlıq təkcə iki ölkə arasındakı təhlükəsizliyin təmin edilməsinə deyil, həmçinin , bölgədəki digər ölkələrin də təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bir baxın, Əfqanıstanda, İraqda, Suriyada  baş verən  problemlər digər ölkələrə  mənfi təsir göstərirsə, bu ölkələrdə baş verən proseslər eyni qayda ilə digərlərinə öz təsirini göstərəcək.
Odur ki, Azərbaycandakı sabitlik və əmin-amanlıq İranın, İrandakı əmin-amanlıq Azərbaycanın maraqlarına uyğundur. Allah göstərməsin,  bu iki ölkənin hər hansı birində baş verən çaxnaşma istər-istəməz digərinə öz mənfi təsirini göstərəcək. Ona görə  bu sahədə əməkdaşlıq bundan sonra da daha sıx formada inkişaf etdirilməlidir.
“İran istəyir ki, işğal olunmuş torpaqlar Azərbaycana qaytarılsın və işğala son verilsin”
– Məgər Ermənistan-Azərbaycan arasındakı münaqişə region üçün təhdid deyilmi? Siz buna necə baxırsınız?
– Biz  münaqişənin indiyədək həll olunmamasından və uzanmasından narahatçılıq keçirdiyimizi dəfələrlə dilə gətirmişik. Təbii ki,  Ermənistanla Azərbaycan arasındakı münaqişə bölgədə narahatdoğurucu bir problemdir. Biz münaqişənin alovlanmasının tərəfdarı deyilik, problemin sülh yolu ilə həllini istəyirik. Çünki sülh yolundan başqa variant regionun təhlükəsizliyinə ciddi təhdid yarada bilər.
Xoş bir məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan münaqişənin sülh yolu ilə həllini tərəfdarlarıdır. Problemin həllində danışıqlar yoluna üstünlük verirlər. İran da  münaqişə tərəflərinin bu  niyyətini dəstəkləyir və münaqişənin sülh yolu ilə həllini istəyir. Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə lazımi səviyyədə dəstək verməyə hazırıq. İstəyirik ki, Qarabağ münaqişəsi tez bir zamanda sülh yolu, beynəlxalq hüquq  normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Azərbaycanın işğal olunmuş torpaqları işğaldan azad edilməli və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.
“Üçüncü qüvvəyə imkan verməmək lazımdır ki, Tehran-Bakı münasibətlərinə xələl gətirsin”
-Bəs  Azərbaycan-İran münasibətlərinin gələcək inkişaf perspektivlərini necə görürsünüz?
Bu inkişaf dinamikasının gələcəkdə də davam etdirilməsini arzu edirəm. İstərdim ki, siyasi sahədə olduğu kimi, iqtisadi, turizm, səhiyyə və digər sahələrdə də  lazımi səviyyədə inkişaf baş versin. Çünki bu sahədəki mövcud potensialdan lazımi səviyyədə istifadə olunmayıb.
Burada digər əsas məqamı diqqət yetirmək və diqqətli olmaq lazımdır. Bir daha  hansısa  kənar qüvvələrə bu iki ölkə arasındakı münasibətlərin pozulmasına imkan verməməliyik. Əgər biz otursaq və diqqətli olmasaq, yenə də hansısa qüvvələr aramıza girə bilər. Ona görə ki, indi dünyamız çox həssas bir dönəmi yaşayır. Həssas və diqqətli olmalıyıq.
 Mürtəza Bünyadlı
Gununsesi.info