Avropada qazın hərrac qiymətləri mayın sonlarında olduğu kimi yenə də $300-dan aşağı qiymətə satılır. Ötən il isə Avropada qazın orta qiyməti $1400 olmuşdu…
Bunun başlıca səbəbi artıq 80% ətrafında Avropa İttifaqındakı yeraltı qaz anbarlarının doldurulmasıdlr (ümumi tutumu 108 mlrd kubmetdi).
Aİ düşünür ki, yeraltı qaz anbarları avqustun sonuna qədər tam doldurulduğu təqdirdə əlavə ehtiyatları Ukraynanın 5 yeraltı qaz anbarında da saxlaya bilərdi. Bu səbəbdən Rusiya Ukraynanın müxtəlif bölgələrini raket atəşinə tutur və bir növ rəsmi Brüsselə çatdırmaq istəyir ki, o qazı bir anda göyə sovurmaq imkanındadır…
Qaz ehtiyatlarından söz düşmüşkən, heç eşidibsinizmi ki, Azərbaycan hökuməti “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarına toplanan və ordan istifadə olunan qazın həcmini açıqlaya? Görünür qazla bağlı məlumatlar maraq dairəsinə hələ daxil olmayıb.. nə isə..
Avropanın qaz bazarı daha maraqlıdır, çünki bizim qaz qazancımıza kifayət qədər təsir edən məkandır (ötən həftə Gömrük Komitəsinin hesabatından məlum oldu ki, iyunda Azərbaycanın qazdan əldə etdiyi qazanc neft gəlirlərini üstələyib, amma hökumət yenə susmağa üstünlük verdi – bu cür tarixi faktı nə qeyd etdi, nə də gündəmə çevirmədi).
Beləliklə, 2023-cü ilin I yarısının yekunlarına görə, Aİ qaz istehlakını 10% azaldaraq 178 mlrd m3-a salıb. Aİ bu müddətdə boru ilə nəql edilən qazın idxalını 34% azaltmağa qadir olub – cəmi 76,7 mlrd m3. Bu həcmlərin içərisində Rusiyadan alınan qaz 11,7 mlrd m3 təşkil edib ki, bu da ötən ilin yanvar-iyun göstəricilərindən 75% az olub.
İlham Şaban