2017-ci ilin yanvar-aprel aylarında ümumi daxili məhsul (ÜDM) 1.2 faiz azalıb.
Gununsesi.info Dövlət Statistikasına istinadən xəbər verir ki, ümumilikdə, 20,1 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2075,5 manata bərabər olub. Əsas azalma neft-qaz bölməsində baş verib. “Statkom”un məlumatına əsasən, enerji sektoru üzrə azalma 6.7 faiz təşkil edib. Qeyri-neft bölməsində, isə əkisnə, istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artıb.
Bu dövrdə ümumi daxili məhsulun 8975,7 milyon manatı sənayedə, 2215,0 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 1660,4 milyon manatı tikintidə, 1461,2 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 602,6 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 583,2 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 350,9 milyon manatı informasiya və rabitə sahələrində, 2815,5 milyon manatı digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə 1475,3 milyon manat təşkil edib.
Qeyd edək ki, ümumi daxili məhsul istehsalı 4 faizə yaxın azalıb.
Vüsalə Rüstəmova
Gununsesi.info