ÜGT-nin Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO

  • By admin
  • 14 Dekabr 2021 20:20

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 85-ci sessiyası videokonfrans formatında öz işinə başlayıb.

Bu barədə Gununsesi.info-ya DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, iclasda ÜGT-nin baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə, Siyasi Komissiyanın 24 üzv dövlətlərinin nümayəndələri iştirak edib. Sessiyada Siyasi Komissiyanın üzvü olan ölkəmizi Dövlət Gömrük Komitəsi adından Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edib.

Sessiyanın gündəliyi qəbul edildikdən sonra ÜGT Şurasının sədri Əhməd Əl Xəlifənin məruzəsi dinlənilib. Daha sonra ÜGT baş katibi Kunio Mikuriya Strateji planın tətbiqi üzrə tərəqqi hesabatını təqdim edib. Sessiyanın ilk günündə özəl sektor məşvərət qrupunun hesabatı, fəaliyyətin qiymətləndirilməsi, gender bərabərliyi və müxtəlifliyi,müəyyən edilmiş risklər üzrə Audit Komitəsinin hesabatları dinlənilib.

3 gün davam edəcək sessiya çəçivəsində ÜGT-nin prioritetləri, 2022-2025-ci illər üzrə strateji planı, biznesin davamlılığı, alternativ maliyyə mənbələri üzrə müqayisəli təhlil və digər məsələlər müzakirə olunacaq, növbəti sessiyanın vaxtı və yeri müəyyənləşdiriləcək.

Qeyd edək ki, Siyasi Komissiya ÜGT-nin siyasətinə dair tövsiyyələri və stratej planını hazırlayan orqandır və Dövlət Gömrük Komitəsi cari ilin iyun ayından etibarən Siyasi Komissiyanın 24 üzvündən biridir.

Gununsesi.info