
Ukrayna lideri Vladimir Zelenski bir daha Avropanı hərəkətə keçməyə çağırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna lideri hər hansı sülh sazişinin həyata keçirilməsi üçün “ən azı 200 min” əsgərin lazım olduğunu vurğulayaraq, müttəfiqlərindən dəstək istəyib.
Şimali Koreyanın okeanın o tayında döyüşə əsgər göndərdiyini vurğulayan Zelenski, Avropanın coğrafi baxımdan münaqişələrə daha yaxın olduğunu xatırladıb.
Kiyev uzun müddətdir ki, Rusiya lideri Vladimir Putinin Ukraynadakı müharibədə qalib gələcəyi təqdirdə digər ölkələrə hücumlarını davam etdirəcəyini iddia edib.
Ukrayna lideri bildirib ki, Avropa Trampın bundan sonra nə edəcəyini sual etmək əvəzinə Ukraynanı müdafiə etmək üçün kollektiv addımlar atmalıdır.
O, deyib:
“Avropa özünü güclü, qlobal, əvəzolunmaz oyunçu kimi sübut etməlidir”
Moskvanın Kiyevə qarşı müharibəsində Şimali Koreya əsgərlərinin iştirak etdiyini vurğulayan
Zelenski, “Unutmayaq ki, Avropa ölkələrini Rusiyadan ayıran heç bir okean yoxdur. Avropa liderləri yadda saxlamalıdırlar ki, Şimali Koreya əsgərlərinin iştirak etdiyi bu müharibə coğrafi baxımdan öz ölkələrinə daha yaxındır” deyib.
Orxan Saffari