Ukrayna alman silahlarının ən böyük alıcısına çevrilib

  • By admin
  • 02 Oktyabr 2023 17:38

2023-cü ilin ilk doqquz ayında Almaniya keçən il ərzində olduğundan daha çox silah ixracına icazə verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Ölkənin İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu ilin ilk üç rübündə federal hökumət Ukraynaya 3,3 milyard avro dəyərində hərbi texnikanın ixracına icazə verib və bu, Kiyevi alman silahlarının ən çox alan ölkəsinə çevrilib.

İqtisadiyyat Nazirliyinin dövlət katibi Sven Giqold deyib: “Almaniyanın beynəlxalq hüquqa zidd olan Rusiyanın təcavüzünə qarşı özünü müdafiə etmək üçün Ukraynaya davamlı dəstəyi lisenziyalı silah ixracatında açıq şəkildə əksini tapır”.

Nazirliyin məlumatına görə, 2022-ci ildə alman silahlarının ixracı 8,35 milyard avro təşkil edirdisə, bu ilin ilk üç rübündə artıq 8,76 milyard avro təşkil edib.

Bu rəqəm Almaniya tarixində ikinci ən yüksək göstəricidir. Müqayisə üçün qeyd edək ki, kansler Angela Merkelin hakimiyyətdə olduğu 16 il ərzində altı milyard həddi cəmi beş dəfə keçib.

Bundan əvvəl Almaniyanın “Rheinmetall” konserni Almaniya Federal Antiinhisar İdarəsindən Ukraynanın Müdafiə Sənayesi konserni (keçmiş “Ukroboronprom”) ilə birgə müəssisə yaratmaq üçün icazə alıb.

İyulun əvvəlində birgə müəssisənin yaxın 12 həftə ərzində açılacağı bildirilib.

Almaniya şirkəti daha iki birgə müəssisənin – sursat və hava hücumundan müdafiə avadanlıqlarının istehsalı üzrə müqavilələr imzalamağı gözləyir.

Səid Əhmədli
Gununsesi.info