Ukrayna, Baydenin oğlunun biznesi və Trampın iddiaları

  • By admin
  • 24 Sentyabr 2019 09:14

 

“2014-cü ildə ABŞ-ın o zaman vitse-prezidenti olan Co Bayden Ukraynada Rusiya təcavüzünün qarşısını almağa və korrupsiyanın kökünü kəsməyə çalışan zəif demokratik hökuməti dəstəkləmək üçün Amerikanın diplomatik səylərinin önündə idi. Buna görə də Baydenin oğlu Hanterin Ukraynanın qaz şirkəti tərəfindən işə götürülməsi təəccuüblə qarşılanmışdı”.

Gununsesi.org xəbər verir ki, bu fikirlər “Amerikanın Səsi”nin araşdırmasında deyilir.

Baydenin oğlu ilə bağlı araşdırma məqaləsində deyilir ki, o zaman keçmiş prezident Obamanın hakimiyyəti altında Ağ Ev Hanter Baydenin özəl şəxs olduğu üçün burada maraqların toqquşmasına yol verilmədiyini bəyan etmişdi. Baydenlər tərəfindən heç bir səhvə yol verildiyinə dair dəlil də yox idi.

Lakin prezident Donald Trampın Ukrayna prezidentini Co Baydenlə əlaqədar hər hansı korrupsiya halını araşdırmağa kömək etməyə çağırmasından sonra hazırda məsələ yenidən gündəmdədir. Bayden Trampı 2020-ci il seçkilərində məğlub etmək üçün kampaniya aparan öncül demokrat namizəddir. Trampın şəxsi vəkili Rudi Culiani də Ukrayna rəsmilərini Baydenlərlə bağlı təhqiqat aparmağa çağırıb.

Rudi Culiani
Rudi Culiani

Hanter Bayden 2014-cü ildə Burisma holdinqin idarə heyətinin üzvü elan edilib. Şirkətin təsisçisi 2014-cü ildə kütləvi nümayişlər nəticəsində hakimiyyətdən devrilmiş Rusiya tərəfdarı prezident Viktor Yanukoviçin siyasi müttəfiqi olub.

Yanukoviçin hakimiyyətdən devrilməsi Obama administrasiyasını tez zamanda Ukraynanın yeni hökuməti ilə əlaqələri möhkəmlətməyə vadar etdi. Co Bayden bu səylərdə aparıcı rol oynayaraq, Ukraynaya səfər edib və ölkənin Qərbə dost münasibət bəsləyən prezidenti ilə tez-tez danışıqlar aparıb.

Gənc Baydenin Ukraynada iş adamı kimi rolu korrupsiya əleyhdarı fəallar arasında Burisma şirkətinin Obama administrasiyasına nüfuz göstərmək istədiyi ilə bağlı narahatlıqlara yol açmışdı. Həmin vaxt şirkət Yanukoviçin hakimiyyətdən devrilməsindən sonra Rusiya tərəfindən işğal edilmiş Krım yarımadasında təbii qaz hasilatı ilə bağlı əməliyyatlar aparırdı.

Co Bayden
Co Bayden

Hanter Bayden Burisma şirkətinə kömək etmək üçün atası vasitəsilə nüfuzundan istifadə etdiyini rədd edib. O, 2019-cu ilə qədər enerji məsələlərinə dair konfranslarda Burisma holdinqin maraqlarını təmsil edərək, şirkətin idarə heyətinin üzvü olaraq qalıb.

Keçmiş vitse-prezident Bayden şənbə günü bildirib ki, o, oğlu ilə xarici ölkələrdə biznes məsələlərini müzakirə etmir.

Bununla belə, məsələ Tramp və onun müttəfiqlərinin diqqət mərkəzindədir. Onlar Baydenin 2016-cı ilin mart ayında Burisma şirkətinin sahibi ilə bağlı təhqiqat aparan prokuror Viktor Şokinin vəzifədən çıxarılması üçün Ukrayna hökumətinə təzyiq göstərməsini xüsusi qeyd edir.

Bayden ABŞ hokumətinin rəsmi mövqeyini təmsil edirdi. Bu mövqe digər Qərb hökumətləri və Ukraynada Şokini korrupsiya məsələlərində zəif mövqe göstərməkdə ittiham edən bir çoxları tərəfindən dəstəklənirdi.

ABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp

Korrupsiya Ukraynada yayılmağa davam edirdi. May ayında ölkənin yeni prezidenti Volodimir Zelenski siyasi təcrübəsi olmasa da, hakimiyyətə korrupsiya əməllərinə son qoymaq vədləri ilə gəldi.

Elə o vaxt Rudi Culiani Burisma holdinq və Hanter Baydenin şirkətdə rolu ilə əlaqədar hökumət tərəfindən təhqiqatın aparılmasına təzyiq göstərmək məqsədilə Zelenski və onun müşavirlərinə müraciət etməyə başlayib.

Tramp mayın 19-da Fox tele kanalına müsahibəsində Ukraynanın keçmiş prokurorunun Co Baydenin oğlunu “təqib etdiyini” və keçmiş vitse-prezidenin buna görə onun vəzifəsindən kənarlaşdırılmasını tələb etdiyini iddia edib. Buna dair dəlil yoxdur.

Bloomberg tele kanalı may ayında Ukraynanın hazırkı prokuroru Yuri Lutsenkonun nə Bayden, nə də onun oğlunun səhvə yol verdiyinə dair dəlilin olmadığını bildirdiyi haqda məlumat verib. Bloomberg həmçinin Burisma ilə bağlı təhqiqatın Baydenin Şokinin vəzifədən çıxarılmasına təzyiq göstərdiyi vaxt dayandırıldığını bildirib.

Gununsesi.org