Beynəlxalq aləmdə ən çox müzakirə edilən mövzu Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ehtimalıdır. Rusiyanın sərhəddə topladığı yüz minlik qoşun da bundan xəbər verir, üstəgəl Moskvanın Vaşinqtona bəlli ultimatumları var.
Gununsesi.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukrayna-Rusiya gərginliyi haqda qeyd edib.
Politoloq əks ehtimala – Ukraynanın hücuma keçib, Donbası separatçılardan təmizləməsi versiyasına aydınlıq gətirib:
“Birincisi, Ukrayna ordusu son illərdə xeyli peşəkarlaşıb, tərəfdaşların hesabına modern silahlarla və hərbi texnika ilə təhciz olunub.
İkincisi, Azərbaycan ordusunun işğal altındakı torpaqlarını azad etmək məqsədilə həyata keçirdiyi 44 günlük hərbi əməliyyat Ukraynada diqqətlə tədqiq edilib və oxşar əməliyyatın imkanları öyrənilib.
Üçüncüsü, Rusiyanın bütün hallarda hərbi müdaxiləyə başlayacağı ehtimalı yüksəkdirsə, Ukrayna ordusunun Donbasdakı separatçıları tərk-silah etmək üçün münbit şərait məhz indidir.
Əlbəttə, bu halda Rusiyanın da müdaxiləsi qaçılmazdır, ancaq Rusiya Prezidenti Vladimir Putinin sözü ilə desək, “toqquşma olacaqsa, birinci zərbəni mən endirməliyəm”.
Gununsesi.info