Rusiyada vurulan İl-76 təyyarəsinin göyərtəsində kimin olduğu barədə hələlik etibarlı məlumat yoxdur.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Yanvarın 24-də əsir mübadiləsi olmalı idi, bu baş vermədi. Rusiya tərəfinin məlumatına görə, bu, əsirlərimizi daşıdığı iddia edilən Rusiyaya məxsus İl-76 təyyarəsinin vurulması nəticəsində baş verib. Təyyarənin göyərtəsində kimin və hansı miqdarda olması barədə etibarlı və hərtərəfli məlumatımız yoxdur”, – deyə məlumatda bildirilir.
Baş Kəşfiyyat İdarəsi vurğulayıb ki, Ukrayna öz növbəsində mübadilə hazırlamaq üçün bütün razılaşmaları yerinə yetirib, Rusiya tərəfindən əsir götürülən hərbi qulluqçular vaxtlı-vaxtında mübadilə üçün razılaşdırılmış məntəqəyə, təhlükəsiz olduqları yerə çatdırılıb.
“Müdafiəçilərimizin təhlükəsizliyi, razılaşmalara əsasən, Rusiya tərəfi tərəfindən təmin edilməli idi. Eyni zamanda, Ukrayna tərəfinə Belqorod şəhəri ərazisində hava məkanının təhlükəsizliyinin müəyyən müddət ərzində təmin edilməsi zərurəti barədə məlumat verilməyib.
Məlumatda qeyd olunur ki, Ukrayna tərəfinə nəqliyyat vasitələrinin sayı, marşrutlar və məhbusların çatdırılma formaları barədə məlumat verilməyib.
Gununsesi.info