Ukrayna məhkəməsi Fikrət Hüseynli ilə bağlı QƏRAR VERDİ

  • By admin
  • 17 Mart 2018 14:23

Martın 16-da Kiyevin Piçerski rayon Məhkəməsi hakim V.V. Pidpaliyin sədrliyi ilə jurnalist Fikrət Hüseynlinin aprelin 2-dək Kiyevdə qalması barədə qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, məhkəmə iclası martın 16-da saat 22-də başlayıb və martın 17-də saat 1-ə işləmiş başa çatıb. Bu barədə hazırda Kiyevdə olan Fikrət Hüseynli Amerikanın Səsinə bildirib.

Bundan öncəki məhkəmə qərarına görə Niderland vətəndaşı olan Fikrət Hüseynlinin Kiyevdə qalma müddəti martın 19-da başa çatmalı idi. Kiyev Vilayət Prokurorluğu isə sənədlərinin yoxlanılması üçün Hüseynlinin əlavə olaraq daha iki ay Kiyevdə qalması barədə məhkəməyə müraciət edib.

“Mən və vəkilim Ukrayna prokurorluğunun qanunsuzluqalrı barədə fikirlərimizi məhkəmənin diqqətinə çatdırdıq. Dedim ki, 6 ay öncədən dərhal azad olunmalı idim. Çünki beynəlxalq konvensiyalara görə bir ölkədə siyasi qaçqınlıq almısansa, o bütün ölkələr üçün keçərlidir. Amma 6 aydır Kiyev Vilayət Prokurorluğu bunu qəbul etmək istəmir. Məhkəmənin diqqətinə həmçinin çatdırdıq ki, mənim adım 13 noyabr 2017-ci ildən İnterpolun axtarış sistemindən çıxarılıb. Buna görə, saxlanılmağım və ekstradisiya yoxlamasının davam etdirilməsi qanunsuzdur. Üçüncüsü Cenevrə Konvensiyası öz ölkəsindən qaçmış şəxslərin başqa dövlətin himayəsinə qəbul edildiyi halda üçüncü ölkənin onu saxlayıb yenidən həmin ölkəyə qaytarmasını qadağan edir. Dördüncüsü, məni axtarışda olduğum deyil başqa ittihamla həbs etmişdilər. İndi isə Azərbaycan tərəfindən mənə qarşı sırf siyasi cinayətlərlə bağlı ittihamlar səsləndirilir.

Prokurorluğun nümayəndəsi dedi ki, müdafiə tərəfinin onlara göndərdiyi sənədlər işə əlavə olunmayıb və ya itib”, Hüseynli Amerikanın Səsinə bildirib.

Məhkəmədə Niderland Krallığının Kiyevdəki konsulu da çıxış edib:

“Konsul mənim siyasi qaçqın olduğumu, Nederland Krallığının sona qədər məni müdafiə edəcəyini, Nederlandda yaşadığım müddətcə heç bir qanun pozuntusuna yol vermədiyimi, qısa müddətdə vətəndaşı olduğum ölkəyə qayıtmağımın təmin olunmasını məhkəmənin diqqətinə çatdırdı”, jurnalist bildirib.

Beləliklə, məhkəməyə sədrlik edən jurnalistin və onun vəkilinin arqumentlərini dəstəkləyib, prokurorluğa aprelin 2-dək vaxt verib.

F.Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnerpol xətti ilə sorğusu əsasında saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev Vilayət Prokurorluğu F.Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukrayna baş prokuroru Yuri Lutsenkoya jurnalist Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

Məktuba qoşmada Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Ukrayna hüquq müdafiə təşkilatları Fikrət Hüseynliyə qarşı təqiblərin dayandırılması və dərhal vətəndaşı olduğu Niderlanda yola salınması xahişi ilə Ukrayna hökumətinə müraciət edib.

Fikrət Hüseynli yaxın zamanda Kiyev Vilayət Prokurorluğnunda ona qarşı olan qanunsuzluqlar, qanunsuz saxlanılması müddətində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mürtaciət edəcəyini bildirib. Hazırda jurnalist və vəkili beynəlxalq hüquq müdafiə təşkilatları ilə məsləhətəşmələr aparır.

Gununsesi.info