Ukrayna namistosu “Eurovizion-2017” müsabiqəsinin loqotipi oldu - FOTO

  • By admin
  • 30 Yanvar 2017 22:33

euro-uk

“KP v Ukraine” nəşri xəbər verir ki, “Müxtəlifliyə hörmət edirik” kimi tərcümə olunan “Celebrate Diversity” Ukraynada “Eurovizion” mahnı müsabiqəsinin əsas sloqanı seçilib.

Gununsesi.info həmin nəşrə istinadən xəbər verir ki, təşkilatçıların fikrincə, bu sözlər loqotipi namisto deyilən Ukrayna muncuğu olan mahnı müsabiqəsinin bütün dizaynını yaxşı tamamlayır. Bu muncuq çox qədim qadın bəzəyi olmaqla bərabər, həm də həmayil sayılır. Namistonu bənzərsiz edən onun çoxsaylı muncuqlarının hər birinin fərqli olmasıdır.

“Eurovizion” müsabiqəsinin icraçı direktoru Yon Ola Sand deyib: “Celebrate Diversity” sloqanı ötənilki “Come Together” (“Birləşirik”) mövzusunu tamamlayır. İndiki “Eurovision” şüarında mahnı müsabiqəsi üçün əhəmiyyətli olan bütün dəyərlər cəmləşib. “Celebrate Diversity” Avropanın və onun hüdudlarından kənarda yerləşən ölkələrin birləşməsi haqqındadır. Həmin ölkələrin vətəndaşları bizi birləşdirən və bir-birimizdən fərqli edən cəhətlərə hörmətlərini ifadə etmək üçün bir yerə toplaşacaqlar”.

“Eurovision-2017” üçün kreativ konsepsiya seçiminin qalibləri Ukraynanın məxsusi olaraq bu layihə üçün bir araya gələn “Republique” və “Banda” agentlikləridir. Onlar loqotip üçün namistonu əsas götürərək, bəzəyin hər bir elementinə bənzərsiz forma və şəkil veriblər. Həmin muncuqlar bizim unikal olmağımızın, eyni zamanda musiqiyə məhəbbətin hamımızı birləşdirdiyinin rəmzidir.

Gununsesi.info