İrəli mövqelərə yaxın yaradılmış mərkəzlərdəki psixoloqlar Rusiya-Ukrayna müharibəsi zamanı yaralanan Ukrayna hərbçilərinə psixoloji dəstək verirlər.
Gununsesi.info xəbər verir ki, cəbhə xəttinə yaxın yaradılan psixoloji dəstək mərkəzlərində döyüş əməliyyatları zamanı yaralanan Ukrayna hərbçiləri ilə mütəxəssis psixoloqlar işləyir.
Burada çalışan psixoloqlar mərkəzdə hərbçilərlə işləməklə yanaşı, cəbhə xəttində olan əsgərlərə də baş çəkir, onlara psixoloji dəstək göstərirlər.
“Anadolu” agentliyinin əməkdaşları Zaporojye vilayətində cəbhə xəttinə yaxın ərazidə fəaliyyət göstərən psixoloji dəstək mərkəzində olublar.
Mərkəzdə çalışan və təhlükəsizlik səbəbi ilə soyadını açıqlamaq istəməyən 47 yaşlı psixoloq Alena agentliyin müxbirinə bildirib ki, mərkəzə gələn hərbçilərə psixoloji və tibbi yardım göstərilir.
Alenanın sözlərinə görə, mərkəzdə stress və müxtəlif xəsarətlər kimi problemlərə görə mərkəzə gətirilən hərbi qulluqçulara tətbiq olunan dərman, masaj, isti və soyuq su müalicəsi kimi üsullardan istifadə olunur.
Alenanın sözlərinə görə, onlar çalışırlar ki, vəziyyəti ağır olmayan hərbi qulluqçular tezliklə cəbhə xəttində xidmətlərinə qayıtsınlar: “Təbii ki, hər şeyi dərmanla müalicə etmək olmaz. Hətta bəzilərini balıq tutmağa da aparırıq. Təəssüf ki, hamı balıq tutmağı bilmir, amma təbiətlə ünsiyyət onlar üçün çox vacibdir. Bu müalicə həm də onların stressdən qurtulmasına kömək edir. Burada psixoloji yardım alan əksər hərbi qulluqçular dərhal xidmətə qayıda bilirlər. Vəziyyəti bir qədər ağır olanların müvafiq müalicə müəssisələrinə göndərilməsini təmin edirik”.
32 yaşlı psixoloq Anya 11 ildir orduda xidmət etdiyini bildirib.
Soyadını açıqlamaq istəməyən Anya bu ilin martından “hərbi psixoloq” kimi fəaliyyət göstərdiyini bildirib.
Dərmana ehtiyacı olan hərbi qulluqçulara kömək etdiyini vurğulayan Anya əlavə edib: “Biz əslində səyyar briqadayıq. Biz təkcə təcili yardım məntəqələrində deyilik. Əməkdaşlarımız mütəmadi olaraq cəbhə bölgələrinə baş çəkir və orada lazımi müalicəni göstərirlər”.
Gununsesi.info