Ukrayna Rusiyaya qarşı belə savaşacaq – Ordu hücuma yox, müdafiəyə hazırlaşır

  • By admin
  • 21 Aprel 2021 10:20

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə müharibə vəziyyətində necə hərəkət etməyi planlaşdırdığı barədə məlumat yayılıb.

Gununsesi.info xəbər verir ki, bu haqda “Strana.ua” nəşri məlumat yayıb.

Qorlovka yaxınlığında yerləşən bölmənin mayoru nəşrə Donbasdakı vəziyyətin son zamanlar dəyişdiyini söyləyib:

“Hərbçilər mövqelərini gücləndirmək və düşmənin ehtimal olunan hücum xətti boyunca tank əleyhinə mina sahələri yaratmaq əmri alıblar. Bir neçə həftə əvvəl hücuma hazırlıq cəbhə xəttində davam edib. Top və zirehli texnikalar yaxınlaşıb. İndi Ukrayna hərbçiləri neytral bölgəni, yolları və hətta irəli mövqeləri minalayır, belə ki, düşmən hücumu halında qoşunlar ikinci, daha möhkəmləndirilmiş müdafiə xəttinə geri çəkilə bilər”.

Digər ukraynalı hərbçi isə Krımla təmas xəttinin gücləndirildiyini, Luqansk istiqamətində hərəkət etməli olan bölmələrin Krım istiqamətində yerləşdirildiyini vurğulayıb.

Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba isə bəyan edib ki, Kiyevin Donbasda hücuma başlamaq niyyəti yoxdur. “Yox, Ukrayna Donbasdakı münaqişəni həll etmək üçün heç bir hücum, heç bir hərbi eskalasiya və ya təxribatçı addıma hazırlaşmır”,-nazir deyib.

Təmas xəttində isə gərginlik qalmaqdadır, tərəflər bir-birlərinin mövqelərinə ara-sıra minomyot və artilleriya zərbələri endirirlər. Rusiya isə sərhədə qoşun cəmləşdirməkdə və təlimlər keçirməkdə davam edir.