Ukrayna səfiri: “Azərbaycanın rəsmi cavabını gözləyirik”

  • By admin
  • 25 Fevral 2022 23:46

Rəsmi Kiyev “Azərbaycanın Ukraynada baş verənlərlə bağlı rəsmi cavabını” gözləyir, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy BBC-yə deyib.

Bu həftə Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb, Qərb, eləcə də bəzi post-sovet dövlətləri Rusiyanı buna görə qınayıb.

Azərbaycan rəsmiləri isə hələ ki, məsələ ilə bağlı mövqe nümayiş etdirməyiblər.

 

Rəsmi Bakının mövqeyi ilə bağlı BBC News Azərbaycancanın suallarını cavablandıran Vladislav Kanevskiy deyib:

“Mövcud situasiya ilə bağlı Azərbaycanın mövqeyini öyrənmək üçün bir sıra görüşlər keçirməyi planlaşdırıram. Bununla bağlı artıq Azərbaycanın rəsmi qurumuna müraciət ünvanlamışıq”.

O, Azərbaycanı strateji tərəfdaş və dost ölkə adlandırıb və Azərbaycanın açıqlayacağı mövqenin rəsmi Kiyev üçün “önəmli” olduğunu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi BBC Azərbaycancaya bildirib ki, Azərbaycan mövqeyini Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının iclasında ortaya qoyub.

Rusiyanın hərbi müdaxiləyə başladığı gün – fevralın 24-də onlayn video formatda keçirilən tədbirdə Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Araz Əzimov “Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu” qeyd edib.

Cümə axşamı səhər saatlarından etibarən Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi hücumlar nəticəsində hər iki tərəfdən çoxlu sayda itkilərin olduğu bildirilir.

Ukrayna tərəfinin verdiyi məlumata görə, rus qoşunları bu ölkəyə qarşı şimal, cənub və şərq istiqamətindən hücumları davam etdirir.

Ukrayna prezidenti bu gün imzaladığı fərmanla ölkədə ümumi səfərbərlik elan edib.

Gununsesi.info