Ukrayna üçün 50 milyard avro: Avropa İttifaqı ödənişlərə bu tarixdə başlayacaq

  • By admin
  • 06 Fevral 2024 14:07

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının (Aİ) keçən həftə razılaşdırılmış 50 milyard avroluq “Ukraine Facility” proqramı çərçivəsində ödənişlərə mart ayında başlamağı hədəflədiyini söyləyib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə X sosial media platformasında qeyd edib.

Avropa Komissiyasının sədri Aİ Şurası ilə Avropa Parlamenti arasında Ukraynaya 50 milyard avro ayrılması ilə bağlı siyasi razılaşmanı alqışlayıb və bunu irəliyə doğru atılan mühüm addım adlandırıb.

“Avropa verdiyi sözə sadiqdir.Biz üzv olmaq istəyən cəsarətli tərəfdaşımız üçün son dərəcə ehtiyac duyulan maliyyə və proqnozlaşdırıla bilən vəsaiti təmin etməyə davam edəcəyik.

Ödənişlərə mart ayında başlamaq niyyətindəyik”, – von der Leyen yazıb.

Hökumət bundan əvvəl də bəyan etmişdi ki, Ukrayna mart ayında “Ukraine Facility” proqramı çərçivəsində Aİ-dən 4,5 milyard avro məbləğində makromaliyyə dəstəyinin birinci tranşını alacağını gözləyir.

Xatırladaq ki, ötən cümə axşamı Aİ liderləri Macarıstanın uzunmüddətli müqavimətini dəf edərək, Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımının ayrılması barədə razılığa gəliblər. Proqram dörd il davam edəcək.

Sammitin yekununda deyilirdi ki, Ukrayna bir sıra şərtlərə uyğun olaraq vəsait ala biləcək. Həmçinin qeyd edilib ki, Aİ liderləri proqram üzrə illik debatlar keçirəcək və iki ildən sonra onlar Avropa Komissiyasına bütün çoxillik maliyyə çərçivəsinin nəzərdən keçirilməsini təklif edə bilərlər.

Gununsesi.info