Ukraynada ATƏT missiyasının bir neçə əməkdaşı əsir götürülüb - VİDEO

  • By admin
  • 24 Aprel 2022 14:02

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynanın şərqində Xüsusi Monitorinq Missiyasının (XMM) bir neçə əməkdaşının əsir götürülməsindən danışıb. İndi təşkilat missiya üzvlərinin azad edilməsi ilə bağlı danışıqlar aparır.

“ATƏT Donetsk və Luqanskda müəyyən sayda XMM personalının həbsdə olmasından çox narahatdır. Biz onları azad etmək üçün bütün mövcud rabitə kanallarından istifadə edirik”, – ATƏT əlavə təfərrüat vermədən bildirib.

Britaniyanın ATƏT-dəki səfirinin müavini bildirib ki, Donbasdakı separatçılar missiyanın əməkdaşlarını hədələyiblər və Xüsusi Monitorinq Missiyasının avadanlıqlarını müsadirə etməyə cəhd ediblər.

Bundan əvvəl ATƏT Rusiyanın separatçıların nəzarətində olan Ukrayna ərazilərində monitorinq missiyasının işini uzatmaqdan imtina etmək qərarını tənqid edib.

Mart ayında ATƏT təhlükəsizlik məqsədilə Donbassdan 500-ə yaxın əməkdaşını təxliyə etməli olub. Martın 3-də isə XMM zabiti Marina Fenina Xarkovda atışma zamanı həlak olub.

Rusiya ordusu fevralın 24-də Ukraynaya hücum edib və müharibə 60-cı gündür ki, davam edir. Rusiya Ukraynaya qarşı hərbi təcavüzü müharibə deyil “xüsusi əməliyyat” adlandırır. “Xüsusi əməliyyat” a müharibə deyənlər isə cəzalandırılır.

Gununsesi.info