Ukraynada oğurlanan 24 soydaşımızla bağlı sensasion iddia…

  • By admin
  • 16 İyun 2016 10:50

ilham ismayil

İki gün öncə Ukraynadakı mənbələrimizdən əldə etdiyimiz qorxunc məlumatla – soydaşlarımızın kütləvi surətdə oğurlanaraq külli miqdarda pulun müqabilində girovluqdan azad edilməsi ilə bağlı yaranmış acınacaqlı durumu şərh etmək üçün Moderator.az əməkdaşının müraciət etdiyi təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıldan elə qorxunc da cavab almışıq.

Xatırladaq ki, Moderator.az-da gedən həmin yazı( moderator.az/news/140842.html ) cəmiyyətdə ciddi rezonans doğurmuşdu və XİN sözçüşü Hikmət hacıyev məsələnin araşdırıldığını bildirmişdi. Amma İlham İsmayıl deyir ki, XİN heç bir iş görməyib, əksinə, gözləmə mövqeyi belə bir dəhşətin yaşanmasına rəvac verir:

“Ukraynada yaşayan azərbaycanlıların oğurlanması ilə bağlı informasiya həqiqətdir və orda yaşayan soydaşlarımızın narahatlığı artıq təlaşa çevrilib.Əsas hədəf imkanlı ailələrin övladları və Ukraynada fəaliyyət göstərən iş adamlarıdır.  Bu yaxınlarda Kiyevdə olduğum zaman həmsöhbətlərimin azərbaycanlıların oğurlanması ilə bağlı dediklərinə o qədər əhəmiyyət verməsəm də, Moderator .az saytında gedən informasiyadan sonra məsələylə yenidən maraqlandım və əldə etdiyim əlavə məlumatları bölüşmək qərarına gəldim.

Artıq iki il ərzində 24 nəfər azərbaycanlı oğurlanıb girov saxlanmış, pul müqabilində azad olunmuşlar. Hal-hazırda iki nəfər – Brovarı şəhərində “Bakinski dvor” kafesinin sahibi- İlqar adlı şəxs və bir tələbə girovluqdadır. Məsələ burasındadır ki, bu cinayətlər Ukrayna Daxili İşlər naziri Avakov təyin olunandan sonra başlayıb və qarşısı da alınmır.Oğurlanma prosesi coğrafi üçbucaqda baş verir. Adam oğruları Rusiyadan gəlir, hədəflərini ələ keçirdikdən sonra Kiyev ətrafında gizlədir, Rusiyadan oğurlanan şəxslərin yaxınlarına döyülmüş, üz-gözü qanlı videolarını, fotolarını göndərir, pulu isə əsasən Bakıda alırlar. Olur ki, Rusiyada, nadir hallarda Ukraynada da alırlar. Bu işin başında Bakıdan və Gürcüstandan olan mütəşəkkil cinayətkar dəstənin dayandığını desələr də, əsasən həbsdə olan kriminal avtoritet tərəfindən idarə olunduğunu və həmin avtoritetlə bəzi hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlbir olduğu da alınan məlumatlar sırasındadır. Hədəfin seçilməsi, yönləndirilməsi dəstənin Ukraynadakı adamları tərəfindən verilir. Növbəti addım dəstə üzvlərinin Rusiyadan gəlib oğurluğu həyata keçirməsi olur. “Ov” Ukrayna ərazisindən çıxarılmır. Daha sonra danışıqlar, alver gedir. Adətən cinayətkarlar 2 milyon ABŞ dollarının verilməsi tələbini irəli sürür, sonra enmələr də müzakirə edilir. Oğurlanmış insanların sahiblərinə dəhşətli hədə-qorxu gəlinir ki, hüquq mühafizə orqanlarına xəbər verildiyi  halda girov mütləq öldürüləcək. Elə bu hədə-qorxunun nəticəsidir ki, hələ indiyədək heç kəs polisə müraciət etməyib.

Bu məsələ barəsində səfirliyimiz, orda fəaliyyət göstərən DTX-nın, DİN-in rəsmi nümayəndələrinin məlumatlarının olduğu, diaspora təşkilatının rəhbərlərinin də problemi bildikləri əldə olunan informasiyanın  içərisindədir. Təəssüf ki, adları çəkilən təşkilatların səlahiyyətliləri bu ciddi problem haqqında nə Ukrayna, nə də Azərbaycan dövlətinin qarşısında məsələ qaldıra bilməyiblər. Məsələ o qədər ciddidir ki, bu işə hər iki dövlətin başçıları diqqət ayırmalı, hər üç dövlətin hüquq mühafizə orqanları qarşısında cinayətkarların zərəsizləşdirməsi tələbi qoyulmalı və nəzarətə götürülməlidi. Məsələ ilə bağlı informasiya mənbələrinə sualla müraciət edəndə ki, nədən Rusiyadan gələn cinayətkar dəstə oğurluğu Rusiyanın özündə yaşayan azərbaycanlılar arasından yox, məhz  Ukraynada həyata keçirir..,cavab çox ilginc oldu. Rusiyadakı kriminal avtoritetlər iki il əvvəl Yekaterinburq “sxodkasında” adam oğurluğunu “zapadlo” hesab etmiş və Rusiya ərazisində adam oğurluğunu qadağan etmişlər. İkinci faktor isə Ukrayna Daxili İşlər naziri Avakovdur. Avakov bu cinayətlər barəsində məlumatı olduğunu, amma bunu guya “azərbaycanlıların daxili razborkası” kimi qəbul edib qarışmamağı tapşırıb. Sonuncu faktın həqiqət dərəcəsini şübhə altına almaq olsa da, Avakovun Azərbaycana, azərbaycanlılara nifrəti şübhə doğurmur. Bəs, bizim  hüquq mühafizə orqanlarımız necə, bu mütəşəkkil cinayətlə maraqlanıblarmı? Bu cinayətin mənbəyinin Bakıdan qaynaqlandığı haqqında xeyli müddətdir dolaşan söz-söhbətə diqqət yetiriblərmi? Hadisələrin gedişatı bu istiqamətdə müsbət nəsə olduğunu göstərmir. Bu yaxınlarda Əlövsət Əliyevin Kiyevdə saxlanılmasından sonra onun Azərbaycana ekstradisiyası ilə bağlı Bakıdan bir gün ərzində hüquq-mühafizə orqanlarının səlahiyyətliləri Kiyevə 23 dəfə zəng etdikləri barədə Ukraynalı kolleqaları təəccüblə danışırdılar. Bir nəfərin ekstradisiyası 24 nəfər soydaşımızın mütəşəkkil bir cinayətkar dəstə tərəfindən oğurlanıb pul tələb edilməsindən bu qədərmi əhəmiyyətli oldu?                                                                                                   Bir ildən çoxdur ki, Azərbaycanın Ukraynada səfiri yoxdur, əvəz edən var. Ukrayna vacib ölkədir, bu ölkəyə çox bacarıqlı diplomatın, nüfuzlu şəxsin səfir təyin edilməsi vacibdir. Ümid edək ki, qeyd etdiyimiz problemin, ümumiyyətlə səfirliyimizin xeyli probleminin, o cümlədən orda yaşayan soydaşlarımızın yığılıb qalan problemlərinin zamanında həll olunması naminə tezliklə Ukraynaya fövqəladə və səlahiyyətli səfir təyin olunacaq”.