
ABŞ Ukraynada şiddətli döyüşlərin olacağını proqnozlaşdırır.
Gunusesi.info xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.
Məlumatda bildirilir ki, ABŞ Prezidenti Co Bayden administrasiyası Ukrayna qüvvələrinin Rusiyaya qarşı müharibədəki uğurlarına baxmayaraq, qarşıdakı aylarda gərgin döyüşlərin olacağını, hər iki tərəfi qələbə və məğlubiyyətin gözlədiyini bildirib.
ABŞ rəsmiləri qeyd ediblər ki, Ukrayna qüvvələri hücum əməliyyatlarında Amerikanın gözlədiyindən daha yaxşı çıxış edib. Rəsmilər eyni zamanda Rusiyanın hərbi gücünü saxladığını da qeyd edirlər. Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisi deyib:
“Rusların işğal olunmuş ərazilərdə avadanlığı, silah-sursatları var. Hələ Rusiyada sahib olduqlarından bəhs etmirəm. Buna görə də sürətlənməsinə baxmayaraq, bu müharibə sona çatmaqdan çox uzaqdır”.
ABŞ rəsmiləri şiddətli döyüşlərin payızın axırlarına qədər davam edəcəyini gözləyirlər. Çünki qışa qədər hər iki tərəf imkan daxilində ən yaxşı mövqeləri tutmağa çalışacaq.