

“Ukraynada təhsil alan azərbaycanlı tələblərlə bağlı müəyyən problemlər var. Valideynlər Ukraynada təhsil alan övladalrının nə işlə məşğul olması ilə bağlı maraqlansınlar”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili, Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, bu gün Ukraynada minlərlə azərbaycanlı gənc təhsil alır. “Onların böyük əksəriyyəti təhsilində nizam-intizamlı olsa da, müəyyən qismi dərslərə getmir, başqa xoşagəlməyən işlərlə məşğuldurlar. Ali məktəblərə təhsil 4 il olsa da, elə tələbə var ki, artıq 7-8 ildir təhsilini davam etdirir. Odur ki, valideynlər övladlarının nə işlə məşğul olduqları ilə maraqlansınlar. Yoxsa sonra gec olacaq. Övladlarının oxuduqları ali məktəblə əlaqə saxlasınlar, övladlarını nizam-intizama dəvət etsinlər”- deyə, millət vəkili bildirib.
Millət vəkili onu da əlavə etdi ki, elə valideynlə də var, övladlarına bahalı maşın alıb veriblər və onlar da təhsillə maraqlanmırlar. “Mən özüm belə faktların şahidi olmuşam. Hətta Azərbaycan dövlət nömrə nişanı ilə bahalı maşında gəzən azərbaycanlı tələbələri görmüşəm. Xarici ölkədə təhsil alanda da, işləyəndə də gərək millətimizin, xalqımızın başını uca edən hərəkətlər etməliyik. Əks hərəkətlər xalqımıza qarşı yönəlir. Buna isə yol vermək olmaz”.

Mürtəza
Gununsesi.info