Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində yaşayan Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın anası “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadova Novruz bayramı münasibətilə verilən hədiyyələrə görə minnətdarlığını bildirib.
Bu barədə bir tarixçi, Dnepr-Azərbaycan diasporunun üzvü Eldar Tağıyev “Facebook” səhifəsində yazıb.
“7 aprel 1991-ci ildə Azərbaycanın Qubadlı rayonunun Yuxarı Cibikli kəndində şəhid olan leytenant Oleq Babakın ailəsi hər zaman diasporumuzun qayğısı ilə əhatə olunub. Qeyd etmək istərdim ki, qəhrəmanın anası Dneprdəki Azərbaycan diasporunun rəhbəri S.İsmayılovdan aylıq maddi yardım alır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Oleq Babakın anası Qubadlı rayonunun erməni işğalından azad olunması münasibətilə biz azərbaycanlıları ilk təbrik etdi. Önümüzdəki günlərdə Oleq Babakın ölümünün növbəti ildönümü ilə əlaqədar olaraq, həmişəki kimi onun məzarını ziyarət edib qəhrəmanın xatirəsini ehtiramla yad edəcəyik”, – deyə E.Tağıyev yazıb.
Xatırladaq ki, azərbaycanlılar tərəfindən hörmətlə “Babək” ləqəbi alan leytenant Oleq Babak 7 aprel 1991-ci ildə Qarabağda dinc Azərbaycan sakinlərini xilas etmək üçün erməni silahlıları ilə girdiyi qeyri-bərabər döyüşdə şəhid olmuşdu.
Gununsesi.info