Ukraynadaki müharibə yeni mərhələyə keçdi - AZƏR QASIMLI YAZIR

Dünya dəyişməkdədir. Artıq hər şey olduğu kimi olmayacaq. Rusiyada səfərbərlik elan edildi.

Putin iqtidarı ehtiyatda olan 300 min əsgər və zabiti Ukrayna cəbhəsinə göndərməyə hazırlaşır. Bu gündən etibarən Ukraynadaki müharibə yeni mərhələyə keçdi. Bundan sonra ya Ukrayna qalacaq, ya Rusiya. Əgər bu gün elan olunan səfərbərlik bir işə yaramasa (bunun ehtimalı yüksəkdir!), Rusiyanın indiki halında qalması, yəni mövcud siyasi sistemini və ərazi bütövlüyünü qoruması mümkün olmayacaq.

Rusiyanın qalib gəlmək şansı olduqca aşağıdır. Putin və Şoyqu düz deyirlər, onlar kollektiv Qərblə üz-üzədirlər. Rusiya həm siyasi, həm iqtisadi, həm hərbi və texnoloji baxımdan Qərbdən çox geridədir. Bu gedişlə Ukraynada yeni torpaqlar əldə etmək imkanları olmayacaq. Sadəcə tutduqları əraziləri əldə saxlamağa çalışa bilərlər, lakin bunu da etmək mümkün olmayacaq. Ukraynaya verilən yeni silahlarla Ukrayna ordusu əks-hücumlarla bir-bir rusları torpaqlarından çıxardacaq. Artıq bunu sübut etdilər. Putinin yeganə çıxş yollu – nüvə silahının istifadəsi ola bilərdi (Putin çıxışında buna eyham vurdu). Lakin bu silahı atacaq yer yoxdur. Ukraynanın hər tərəfi rus əhalisinin yaşadığı bölgələrdi – Belqorod, Belarus, Dnestryanı, Krım, Xerson, Donbas. Nüvə radiasiyası hər tərəfə yayılacaq…

Putinin bugünki qərarı Rusiyanı yox, şəxsən özünü qorumaq cəhdidir. Özünü qoruma instinktıdır!

Rusiyanın parçalanma riski hələ bu qədər çox olmamışdı. Hətta Putini devirsələr belə ölkənin dağılma ehtimalı yüksəkdir.

Bizim üçün, Azərbaycan üçün ən düzgün mövqe sakit durmaqdır, müharibələrdən çəkinməkdir, təxribatlarda iştirak etməmək və təxribatlara uymamaqdır. Artıq seçim etmə anı da tam yaxınlaşır.

Ya dağılan Rusiya, ya inkişaf etmiş mütərəqqi Qərb!

Başqa seçim imkanımız yoxdur.

Azər Qasımlı