Ukraynadan gələn tələbələrin aqibəti necə olacaq?

  • By admin
  • 11 Mart 2022 10:49

Ukraynada davam edən müharibə ilə əlaqədar Azərbaycana təxliyə olunan tələblər problemlə üzləşiblər. Təhsillərini yarımçıq dayandırmalı olan gənclərin aqibətinin necə olacağı məlum deyil. Döyüşlər bir müddət sonra dayandırılsa belə, ənənəvi təhsilin bərpası sual altındadır. Belə olan halda azərbaycanlı tələbələr nə edəcəklər? Onlar ölkəmizdə ali təhsilə cəlb olunacaqlarmı?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə təkliflər irəli sürüb. Deputat parlamentin ötən iclasında ombudsmanın hesabatının müzakirəsi zamanı bununla bağlı məsələ qaldırdığını, bütün qurumların təhsil mövzusunun diqqətdə saxlamalı olduğunu vurğulayıb:

“Azərbaycan Ukraynadan bu günə qədər 4 mindən çox vətəndaşı və onların ailə üzvlərini təxliyə edib. Həmin şəxslərin arasında Ukraynada təhsil alan gənclərimiz də var. Amma təəssüf ki, onların sonrakı taleyi ilə bağlı hələ qərar qəbul edilməyib.

Parlamentdə ombudsmanın hesabatının müzakirəsi zamanı mən ombudsmanın diqqətini bu məsələyə cəlb etdim. Hesab edirəm ki, bu, cəmiyyətin, dövlət strukturlarının o cümlədən Ombudsman Aparatının diqqətdə saxlayacağı həssas məsələlərdən biridir. Gənclərimiz Ukraynada ali təhsil alırdı. Hərbi əməliyyatların başlaması ilə onlar təhsilini yarımçıq dayandırıblar. Müharibənin nə zaman bitəcəyi hələ məlum deyil. Bitsə belə orada təhsilin nə zaman bərpa ediləcəyi sual altındadır. Minlərlə gəncimiz ali təhsil almaq imkanından məhrum ola bilər. Bu, həmin gənclərlə yanaşı onların ailələrinin probleminə çevrilib. Ailələr övladlarının Ukraynada təhsil alması üçün əziyyət çəkib, ali təhsillə bağlı planlar qurublar”.

 

Deputat təklif edib ki, həmin gənclər Azərbaycandakı ali məktəblərə ixtisaslarına uyğun olaraq müvəqqəti qəbul edilsinlər. Bu, onların Azərbaycan universitetlərinə avtomatik köçürülməsi demək deyil. Onlar qaldıqları yerdən öz təhsillərini davam etdirərlər:

“Nəzərə alsaq ki, Azərbaycanda 40-dan çox ali məktəb var, tələbələri bu təhsil ocaqlarında ixtisaslarına uyğun mühazirələrə buraxmaq olar. Hərbi əməliyyatlar davam edəcəyi təqdirdə, tələbələr yerləşdirildikləri universitetlərdə müvəqqəti təhsil aldığı qrupla birlikdə imtahan verə bilərlər”.

Deputat hesab edir ki, Ukraynada vəziyyət düzələndən sonra tələbələr hansı mühazirələri keçdikləri, imtahanların nəticələri barədə arayışları Ukraynadakı universitetlərə təqdim edə bilərlər:

“Həmçinin Azərbaycanın təhsil naziri və Ukrayna təhsil naziri bununla əlaqədar xüsusi saziş imzalaya bilər. Ümumən, götürdükdə həmin gənclərin taleyini həyatın axarına buraxmaq olmaz. Bu, gənclərin təhsildən kənarda qalmasına, ümidsizliyə qapılmasına səbəb ola bilər. Zənnimcə, vaxt itirmədən qərar qəbul etmək lazımdır. Sonradan gec olacaq və onlar bir il itirərək gələn il təhsillərini davam etdirməli olarlar. Qeyri-standart situasiyalar qeyri- standart qərarların qəbul edilməsinə səbəb olur.

Bildiyimiz kimi, Ukraynadan təxliyə edilən azərbaycanlıların uşaqları orta məktəbdə təhsilə cəlb edildilər. Eyni halı tələbələrə də aid edə bilərik. Bu məsələdə müvafiq dövlət orqanları toplaşıb qərar qəbul etməlidirlər”.

Ukraynadan təxliyə olunan tələbələrin Azərbaycanda təhsilə cəlb olunub-olunmayacağını dəqiqləşdirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, Ukraynadan gələn azərbaycanlılarla bağlı bütün məsələlərə mərkəzləşdirilmiş şəkildə Xarici İşlər Nazirliyi nəzarət edir.

Daha sonra Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq, lakin məlumat ala bilmədik. “Ölkəmizə təxliyə edilmiş azərbaycanlılar digər problemlərlə bağlı müvafiq strukturlara müraciət etməlidirlər. O cümlədən, təhsil məsələləri ilə aidiyyəti üzrə Təhsil Nazirliyi məşğul olmalıdır”, – XİN-dən verilən məlumatda deyilir.

Qeyd edək ki, indiyədək Ukraynada təhsil alan və ölkəmizə təxliyə olunan tələbələrin dəqiq sayı məlum deyil.

Gununsesi.info