Ukraynadan Odessa qətliamına cavab: Qara dənizdə Rusiya gəmisi batırıldı – VİDEO

  • By admin
  • 05 Mart 2024 14:58

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Qara dəniz donanmasında xidmət edən “Sergey Kotov” patrul gəmisinin batırıldığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada əməliyyatın Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi tərəfindən təşkil edildiyi bildirilib.

Məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin xüsusi təyinatlı dəstəsi Rusiya Qara Dəniz Donanmasının 65 milyon dollar dəyərində “Sergei Kotov” patrul gəmisini hədəf alıb. “Magura V5” pilotsuz dəniz vasitələrinin hücumu nəticəsində Rusiyanın “Sergey Kotov” gəmisinin arxa, sağ və sol tərəflərini zədələnib.

Qeyd edilir ki, martın 2-də Rusiyanın Odessa şəhərində yaşayış binasına PUA-nın hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. Ukrayna rəsmiləri həyatını itirənlər arasında 5 uşağın olduğunu açıqlayıb.

Dağıntılar altından 5 nəfərin xilas edildiyi də bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiyanın hərəkətlərinə cavab verilməli və bu cavab sərt olmalıdır.

“Bu həftədən etibarən rusiyalı terrorçular 400-ə yaxın idarə olunan bomba, 50-dən çox “Şahed” pilotsuz uçuş aparatı və ümumilikdə 40-dan çox raketdən istifadə ediblər. Avropanın heç bir ölkəsi təkbaşına belə zülm və şər qarşısında müqavimət göstərə bilməzdi. Bütün liderlər və beynəlxalq təşkilatlar Rusiyanın hərəkətlərinə cavab verməlidir. Bu cavab sərt olmalıdır. Putin sülh istəmir, sadəcə müharibə və ölüm istəyir. Kimi öldürməsinin vecinə deyil. Onun əsas məqsədi məhv etməkdir. Əvvəlcə Ukraynanı və ukraynalıları, sonra sizi, əziz tərəfdaşlar”, – Zelenski bildirib.

Qeyd edək ki, uzunluğu 94 metr, eni 14 metr olan 1800 tonluq “Sergey Kotov”un 80-ə yaxın ekipaj üzvü var idi. Bu gəmi Rusiyanın 22160 seriyasından olan 4 yeni gəmisindən biri idi və 2021-ci ilin yanvarında suya buraxılmışdı.
Hadisə zamanı ekipajın xilas olub-olmaması barədə hələ ki məlumat yoxdur.

Gununsesi.info